İsrailin Baş naziri Benyamin Netanyahu, Müdafiə naziri İsrael Kats və Ordunun Baş Qərargah rəisi Eyal Zamir Silahlı Qüvvələrin zabit kursunun məzuniyyət mərasimində çıxış edərək İrana və regional təhdidlərə qarşı kəskin bəyanatlar veriblər.
“Times of Israel” nəşrinə istinadən xəbər verilir ki, İsrail rəhbərliyi Tehranın nüvə proqramını bərpa etmək cəhdləri və qarşıdan gələn seçkilər öncəsi gözlənilən təxribatlar barədə xəbərdarlıq edib.
Mərasimdə çıxış edən Baş nazir Benyamin Netanyahu Tehran rəhbərliyinin nüvə silahı əldə etmək cəhdlərini davam etdirdiyini bildirib:
“İran rejimi hələ də dərslərini almayıb. Müctəba Xamenei atasının izi ilə getməyə qərar verib. O, qoruyucunu çıxarıb və İran bir daha ölüm silahlarını inkişaf etdirməyə çalışır. Bu təhlükəni birdəfəlik aradan qaldırmağın, İrandakı rejimi devirməyin yalnız bir yolu var və bu, mənim Ordumuza, “Mossad”a və təhlükəsizlik agentliklərinə birbaşa göstərişimdir”.
İsrailin Müdafiə naziri İsrael Kats isə qarşıdan gələn seçkilər ərəfəsində İrandan gələn təhdidlərə diqqət çəkib:
“Son günlərdə düşmənlərimizin, ilk növbədə İran və onun proksi qüvvələrinin İsraildəki seçkilərin nəticələrinə təsir göstərəcək terror aktları törətmək cəhdlərini müəyyən etmişik. İran rejimi tarixinin ən zəif nöqtəsindədir və biz anlayırıq ki, bu zəiflik onları kəskin addımlar atmağa sövq edə bilər. Mesajımız aydındır: cəhdlərinizi görürük, onları dəf etməyə və tam gücümüzlə cavab verməyə hazırıq. Əgər İran İsrailə hücum etsə, yandırılacaq!”
İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir isə hərbi xidmətə çağırış məsələlərinə toxunaraq ordunun birliyinin vacibliyini vurğulayıb:
“İsrail Dövlətini müdafiə etmək missiyası hamımızın ortaq borcudur və hər cür fikir ayrılığından üstündür. IDF xalqın ordusudur və onun daxilindəki birlik gücümüzün əsas şərtidir”.
Mənbə: qafqazinfo.az