İran Prezidenti Məsud Pezeşkian Türkmənistanda keçirilən MDB sammitində təşkilatla Tehran arasında əməkdaşlığı inkişaf etdirmək üçün "MDB+1" formatının yaradılmasını təklif edib.
Pezeşkian İranın özünü regionun bir-biri ilə əlaqəli coğrafiyasının təbii bir hissəsi kimi gördüyünü və bu əlaqənin yalnız coğrafi deyil, həm də tarix, mədəniyyət və insanlararası təmaslara əsaslandığını bildirib.
İran prezidenti ilk dəfə qatıldığı MDB sammitində bildirib ki, "İran “MDB üstəgəl İran” və ya “MDB+1” formatında dialoq və əməkdaşlıq üçün çevik və effektiv mexanizm yaratmağı təklif edir.
O əlavə edib ki, bu, tranzit, enerji, ticarət, mədənçilik, investisiya, texnologiya, su ehtiyatları və ətraf mühitin mühafizəsi, turizm, eləcə də elmi və mədəni əlaqələr kimi sahələrdə birgə işlərin inkişafına imkan verəcək.
Qeyd edək ki, İran rəsmisinin MDB sammitində iştirakı qurum tarixində keçmiş sovet məkanı ölkələrindən kənar bir ölkənin yüksək səviyyədə tədbirə qatıldığı ilk hadisədir. MDB-nin yaranmasından 35 il keçməsinə rəğmən onun tarixində hələ belə hadisə olmayıb. Bu bir tərəfdən, MDB-nin yalnız keçmiş SSRİ məkanını əhatə etməsilə bağlı idisə, digər tərəfdən də təşkilatın elə də ciddi, böyük nüfuza malik olmamasından irəli gəlirdi. Bunu son illər MDB daxilində ziddiyyət və parçalanmaların olması da sübut edir. Gürcüstan, Ukrayna və Moldova qurumla əlaqələrini artıq tamamilə kəsib.
Belə bir durumda İran tərəfi “MDB+1” formatının yaradılmasını təklif edir. Tehranı bu ideyanı gündəmə gətirməyə həvəsləndirən çox güman ki, Rusiyadır. Təklif də ola bilsin ilk öncə məhz Kremldə səslənib və İran tərəfi də ona razılıq verib. Rusiya Prezidenti Vladimir Putinin İrana hər cür kömək göstərməyə hazır olduqları barədə Türkmənistanda səsləndirdiyi açıqlaması da Kremlin İranın MDB-yə inteqrasiyasında maraqlı olduğunu göstərir.
Hazırda həm Rusiya, həm də İran sanksiyalar altındadır və bu vəziyyət hələ uzun müddət davam edəcək. Hər iki ölkə bu fonda xüsusən də iqtisadi müstəvidə çətin duruma düşüb. Belə vəziyyətdə onlara problemdən çıxış yolları lazımdır. Rusiya İranı MDB-yə bağlamaqla təşkilatın işlək vəziyyətdə olduğunu, nüfuzunun artdığı, Qərbin tətbiq etdiyi izolyasiyadan çıxmağı bacardığı fikrini formalaşdırmağa çalışır. Bununla həm də sıraları seyrələn MDB-nin guya yenidən canlandığı, dünyada ona marağın artmağa başladığı obrazını yaratmaq istəyirlər. Təklənən Rusiya üçün öz ətrafına yeni-yeni ölkələri cəlb etməsi istər-istəməz onun üçün cəlbedici görünür.
İranın da MDB orbitinə yaxınlaşmaqda başlıca məqsədi ağır sanksiyalar fonunda təcrid olunmaqdan müəyyən dərəcədə xilas olmaq, daxildə pisləşən iqtisadi durumu müəyyən müstəvidə azaltmağa hesablanıb. Görünür ki, Tehran bu addımla həmçinin Qərblə kəskinləşən münasibətlər fonunda Moskvadan daha çox dəstək almağı düşünür.
Yəni belə baxanda, mövcud situasiyada “MDB+1 formatı” həm İran, həm də Rusiya üçün cəlbedici görünə bilər.
Prosesin gedişi belə deməyə əsas verir ki, İranın ardınca, böyük ehtimalla Şimali Koreya da yaxın gələcəkdə özünü MDB-yə “calamaq” barədə düşünəcək...
Mənbə: www.bakupost.az