ABŞ Dövlət Departamenti Misirə 320 milyon dollarlıq hərbi yardımın ayrılması üçün əvvəllər irəli sürülən insan haqları və demokratik islahatlarla bağlı tələbləri aradan qaldırıb.
"Reuters"in Dövlət Departamentinin sənədlərinə istinadən yaydığı məlumata görə, söhbət 2025-ci maliyyə ili büdcəsində nəzərdə tutulan vəsaitdən gedir. Vaşinqton qərarını Yaxın Şərqdəki vəziyyət fonunda milli təhlükəsizlik maraqları ilə əsaslandırıb.
Əvvəllər Qahirənin bu vəsaiti əldə etməsi üçün insan haqları və demokratik proseslə bağlı bir sıra şərtlər qoyulmuşdu. İndi ABŞ həmin tələblərdən imtina edib və onların əvəzinə yeni şərtlər irəli sürməyib.
Dövlət Departamenti Misirin güclü və sabit qalmasının ABŞ üçün vacib olduğunu bildirib. Qahirə Yaxın Şərqdə, o cümlədən Qəzza ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış edir.
Misir ABŞ-dan hər il təxminən 1,3 milyard dollar hərbi yardım alır. Bu yardım 1979-cu ildə İsraillə sülh müqaviləsinin imzalanmasından sonra formalaşan əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Adəm
Mənbə: publika.az