Lavrovun sözləri Mertsi qəzəbləndirdi: Rusiya bu müharibədə qalib gəlməyəcək

Lavrovun sözləri Mertsi qəzəbləndirdi: Rusiya bu müharibədə qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiyanın hazırda ciddi danışıqlarda maraqlı olmadığını bildirib.

Merts bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Almaniyanın XİN rəhbəri İohann Vadefulla görüşü ilə bağlı açıqlamalarından sonra verib.

Qeyd edək ki, Vadeful sentyabrın 26-da Nyu-Yorkda Lavrovla görüşüb. Bu, 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra iki ölkənin xarici işlər nazirləri arasında ilk birbaşa görüş olub. Lavrov danışıqlarda Almaniya tərəfinin mövqeyində “yeni heç nə olmadığını” deyib.

Merts bildirib ki, Berlin Ukraynaya hərbi, siyasi və iqtisadi dəstəyi davam etdirəcək. O, Rusiyanın müharibəni dayandırmasını, Avropa ölkələrinin mümkün sülh danışıqlarında iştirak etməsini və Ukraynanın Avropa İttifaqına üzvlük yolunun açıq saxlanmasını tələb edib.

Almaniya kansleri həmçinin Rusiyanın müharibəni davam etdirməsi halında iqtisadi baxımdan ciddi itkilərlə üzləşəcəyini vurğulayıb.

"Yalnız bir daha vurğulaya bilərəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək və Rusiyanın özü, xüsusən də iqtisadiyyatına ciddi itkilər verəcək. Əgər Rusiya bu müharibəni davam etdirərsə, bunun bədəlini ağır ödəməli olacaq", - deyə Merts bildirib.

Vadeful isə görüşün məqsədinin Rusiyaya eskalasiyanın yolverilməz olduğunu çatdırmaq və Rusiya ilə danışıqların yalnız ABŞ-ın təşəbbüsünə buraxılmamasını təmin etmək olduğunu bildirib. Görüşdə Qara dənizdə taxıl blokadası məsələsi də müzakirə olunub, lakin nəticə əldə edilməyib.

Mənbə: publika.az