Almaniyanın 100-dən çox şəhərində 45 mindən artıq məktəbli məcburi hərbi xidmətin bərpası ehtimalına və məcburi tibbi müayinələrə qarşı kütləvi etiraz aksiyalarında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.
Nəşr yazır ki, etiraz aksiyaları sentyabrın 25-də keçirilib. Təkcə Berlində polis 2.400-ə yaxın nümayişçinin olduğunu bildirib. Münxendə aksiyaya təxminən 700, Nürnberqdə 400, Ştutqartda isə 200 nəfər qatılıb. Ölkə üzrə ümumi 45 minlik göstərici aksiya təşkilatçıları tərəfindən açıqlanıb, polis isə hələlik vahid rəqəm dərc etməyib.
Münxendəki etirazçılar “Bundesverə bir nəfər də, bir sent də verilməsin!” şüarları səsləndiriblər. Aksiyada nümayiş etdirilən plakatlarda “Bizi rahat buraxın!” və “Xeyr, biz getməyəcəyik!” sözləri yazılıb. Aksiyanın iştirakçılarından biri artıq hərbi tibbi müayinəyə çağırış vərəqəsi aldığını bildirib.
Qeyd edək ki, Almaniyada hərbi xidmətlə bağlı yeni qaydalar 2026-cı ilin yanvarından qüvvəyə minib. 18 yaşı tamam olmuş kişi və qadınlar hərbi xidmətə hazır olub-olmadıqları ilə bağlı sorğu vərəqəsi alırlar. Kişilər üçün bu vərəqəni doldurmaq məcburi, qadınlar üçün isə könüllüdür. 2008-ci il təvəllüdlü kişilər üçün məcburi tibbi müayinələrə artıq başlanılıb.
Mənbə: qafqazinfo.az