“Rosatom” dövlət korporasiyasının baş direktoru Dmitri Lixaçovun sentyabrın 28-də Ermənistana səfəri planlaşdırılır.
Bu barədə “Atom Sənayesi Özünütənzimləyən Təşkilatları”nın prezidenti Viktor Opekunov “News.am” agentliyinin müxbirinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Lixaçov “Rosatom”un Ermənistanın nüvə energetikasının inkişafında mümkün iştirakını müzakirə etməyi, həmçinin yeni AES-in tikintisi məsələsini ətraflı nəzərdən keçirməyi planlaşdırır.
Opekunov qeyd edib ki, Rusiya Ermənistana dünyada qabaqcıl olan texnologiyalar təklif edir. “Rosatom” sadəcə stansiya tikməyi deyil, həm də layihələndirmə, tikinti, yanacaqla təminat, texniki xidmət, işlənmiş nüvə yanacağının yenidən emal üçün Rusiyaya ixracı və mütəxəssislərin hazırlanması daxil olmaqla tam xidmətlər paketini təqdim edir.
Ekspert Ermənistanı yeni AES-in tikintisi layihəsinin icrasına indidən başlamağa çağırıb, çünki fəal tikintinin başlanmasından stansiyanın şəbəkəyə qoşulmasına qədər təxminən 60-65 ay vaxt tələb olunur. Hazırlıq dövrünü də nəzərə alsaq, bu proses təxminən on il çəkə bilər.
Bizim.Media
Mənbə: bizim.media