Böyük Britaniyada parlamentin yuxarı palatası olan Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər.
Bu barədə sağ-populist “Reform UK” partiyasının lideri Naycel Fərəc məlumat verib.
Fərəcin sözlərinə görə, “Reform UK” növbəti parlament seçkilərində qalib gələrsə və Lordlar Palatası partiyanın qanunvericilik təşəbbüslərinin qəbuluna mane olarsa, hökumət referendum keçirməyə hazır olacaq.
Fərəc bildirib ki, hakimiyyətə gəldikləri təqdirdə partiyanın proqramını ilk 100 gün ərzində qanunvericilik səviyyəsində həyata keçirmək üçün milli fövqəladə vəziyyət rejimi elan edə və İcmalar Palatasında istirahət günlərini ləğv edə bilərlər. O, lazım gələrsə, parlamentin zəruri qanun layihələri qəbul edilənədək həftənin altı günü, sutka ərzində fəaliyyət göstərəcəyini deyib.
Fərəc qeyd edib ki, Lordlar Palatası hökumətin təşəbbüslərinə hörmət etməlidir. O, əks halda yüzlərlə yeni lord təyin etməklə palatada çoxluq əldə etməyə çalışacaqlarını deyib. Bunun da mümkün olmayacağı təqdirdə partiya Lordlar Palatasının mövcud tərkibi ilə bağlı referendum keçirəcək.
Partiya lideri həmçinin partiyanın siyasi proqramına tabe olmayacağı təqdirdə dövlət qulluğunda islahatlar aparacağını və ayrı-ayrı dövlət qurumlarının rəhbər vəzifələrinə biznes nümayəndələrinin təyin ediləcəyini bildirib.
Mənbə: apa.az