Putindən Ukrayna ilə sülh sazişi haqda açıqlama: Şans var

Putindən Ukrayna ilə sülh sazişi haqda açıqlama: Şans var

Rusiya prezidenti Vladimir Putin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ-ın yanaşmasını düzgün hesab etdiyini bildirib.

Putin bunu Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı ilk növbədə Rusiya və Ukrayna öz aralarında razılığa gəlməlidir. Digər ölkələr, o cümlədən ABŞ və Çin isə sülh yolu ilə nizamlanmaya dəstək verməyə hazırdır.

“Bu problemi, hər şeydən əvvəl, münaqişəyə cəlb olunmuş ölkələr olan Rusiya və Ukrayna həll etməlidir. Bu yanaşma düzgündür. Şans varmı? Fikrimcə, var”, - Putin bildirib.

Rusiya lideri ABŞ administrasiyası ilə təmasların davam etdiyini də açıqlayıb. O qeyd edib ki, Moskva Vaşinqtonla münasibətlərin tam şəkildə bərpa olunmasının tərəfdarıdır. Putinin sözlərinə görə, bu proses yalnız Rusiyadan deyil, ABŞ-dan da asılıdır.

ABŞ prezidenti Donald Trampın konstruktiv əməkdaşlığa kökləndiyini deyən Putin ABŞ tərəfi ilə əlaqələrin xüsusi xidmət orqanları vasitəsilə davam etdiyini vurğulayıb.

Müəllif: Roza

Mənbə: publika.az