Qaqauziyada seçki həyəcanı - Bu tarixdə yeni rəhbər seçiləcək

Qaqauziyada seçki həyəcanı -

Moldovada Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbərinin seçilməsi ilə bağlı rəsmi seçki dövrü başlayıb.

Mərkəzi Seçki Komissiyası noyabrın 15-də keçiriləcək seçkilərə hazırlıq üçün təqvim planını təsdiqləyib.

Qaqauziya Mərkəzi Seçki Şurası sentyabrın 16-dək formalaşdırılmalıdır. Seçkilərdə iştirak etmək istəyənlərin sənədləri oktyabrın 6-dək qəbul olunacaq, təşviqat kampaniyasına isə oktyabrın 16-da start veriləcək.

Qeyd edək ki, Qaqauziyada yeni rəhbərin seçilməsi Xalq Məclisinə deputat seçkiləri ilə eyni gündə keçiriləcək. Seçkilərin tarixini Moldova Mərkəzi Seçki Komissiyası müəyyən edib. Buna səbəb isə yerli parlamentin iki dəfə müvafiq qərarı qəbul edə bilməməsi olub.

Xatırladaq ki, Qaqauziya rəhbəri vəzifəsi Yevgeniya Qutsulun məhkəmə prosesindən sonra boşalıb. O, siyasi partiyanın maliyyələşdirilməsi ilə bağlı pozuntulara görə 7 il azadlıqdan məhrum edilib. Qutsul isə ittihamları qəbul etməyərək, işin siyasi sifariş olduğunu bildirib.

Qutsulun vəzifədən uzaqlaşdırılmasından sonra Moldova hakimiyyəti seçki qanunvericiliyinə də dəyişiklik edib. Qaqauziyada bu dəyişikliklər muxtariyyətin öz seçkilərini keçirmək səlahiyyətlərini məhdudlaşdırdığı üçün tənqid olunub.

Müəllif: Adəm

Mənbə: publika.az