İsrail və Yunanıstan arasında üç milyard dollarlıq müdafiə sazişi imzalandı

İsrail və Yunanıstan arasında üç milyard dollarlıq müdafiə sazişi imzalandı

İsrail və Yunanıstan təqribən 3 milyard dollar dəyərində olan irimiqyaslı müdafiə sazişi imzalayıblar.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Müqaviləyə əsasən, İsrail tərəfi Afinanın ehtiyaclarını qarşılamaq üçün müasir çoxsəviyyəli hava və raket hücumundan müdafiə sistemi inşa edəcək.

Sənədi İsrail Müdafiə Nazirliyinin baş direktoru, ehtiyatda olan general-mayor Əmir Baram və onun yunanıstanlı həmkarı İoannis Buras imzalayıblar.

"Bu razılaşma çərçivəsində İsrail Yunanıstanda tamamilə öz istehsalı olan sistemlərdən ibarət və müharibə dövründə toplanmış geniş döyüş təcrübəsinə əsaslanan kompleks çoxsəviyyəli hava hücumundan müdafiə sistemi quracaq", - deyə nazirlikdən bildirilib.

Yunanıstanda bu proqram "Axilles qalxanı" adlandırılıb. Sazişə görə, İsrail yunan tərəfinə "David's Sling" raket hücumundan müdafiə sistemlərini, "Barak MX" mobil hava və raket hücumundan müdafiə komplekslərini, "Spyder" qısamənzilli zenit-raket sistemini, MMR mobil radiolokasiya stansiyalarını tədarük edəcək. Həmçinin hava və raket hücumundan müdafiə vasitələrinin bütün spektrini özündə birləşdirəcək yeni milli hərbi idarəetmə sistemi işlənib hazırlanacaq.

İsrail tərəfi bunun hərbi sahədə İsrail-Yunanıstan əməkdaşlığı tarixində ən böyük, bütövlükdə isə İsrail hərbi sənayesi üçün ən irimiqyaslı müqavilələrdən biri olduğunu qeyd edib.

Nazirlik vurğulayıb ki, İsrail ilk dəfə olaraq xarici ölkəyə ballistik raketlərdən tutmuş PUA-lara qədər geniş spektrli hava təhdidlərindən qorunmaq üçün tam müdafiə vasitələri kompleksi ixrac edəcək.

İsrailin müdafiə naziri İsrael Kats müqavilənin bağlanmasını belə şərh edib:

"İsrail və Yunanıstanın ortaq strateji maraqları var və oxşar regional çətinliklərlə üzləşirlər. Hegemonluq iddiaları olan qüvvələrin öz nüfuzunu genişləndirməyə və regionda sabitliyi pozmağa çalışdığı bir vaxtda İsrail və Yunanıstan müdafiə və strateji əməkdaşlığı dərinləşdirməyə davam edəcək, sabitliyin qorunması, təhlükəsizliyinin və ümumi maraqlarının müdafiəsi üçün qətiyyətlə hərəkət edəcəklər".

Buna əlavə olaraq, tərəflər strateji obyektləri PUA-lardan qorumaq üçün nəzərdə tutulmuş İsrailin "Drone Dome" sistemlərinin Yunanıstana satılmasına dair 26 milyon avro dəyərində müqavilə də imzalayıblar.

Mənbə: oxu.az