Ermənistanda keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyana qarşı yeni cinayət işinin açılması Azərbaycanda “Xocalı cəlladları Bakıya təhvil verilə bilərmi” sualını yenidən aktuallaşdırdı. 44 günlük müharibədə Xocalının qisasının alınmasına və günahkarların bir çoxunun cəzalandırılmasına baxmayaraq, Bakının Koçaryan və Sarkisyan da daxil olmaqla soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması siyasəti davam edir. Bakı-İrəvan xəttində sülh prosesinin irəliləməsi də bunun olması imkanlarını yaradıb.
Cari dövrdə Koçaryan və Sarkisyanın Bakıya təhvil verilməsi ehtimalı görünmür.
Birincisi, onlara qarşı açılan cinayət işləri – vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması - Ermənistanın daxili məsələsidir;
İkincisi, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmaması bu cür hüquqi prosedurların icrasını mümkünsüz edir;
Bununla yanaşı, Koçaryan və Sarkisyanın Bakıya təhvil verilməsi Ermənistan dövlətinin Qarabağda törətdiyi cinayətləri, buna görə təzminatın ödənilməsini qəbul etməsi deməkdir, həmçinin, daxili etiraz riski baxımından bu, Paşinyana hələki sərfəli deyil.
Koçaryan və Sarkisyana qarşı Paşinyanın seçkidən öncə anonsunu verdiyi cinayət işinin başlanması Ermənistanda nəzarəti gücləndirməyə, xüsusilə Rusiya təsirlərini neytrallaşdırmağa hesablanıb. Lakin bu cinayət işinin siyasi və hüquqi baxımdan, Azərbaycanla əlaqəsinin olduğunu hesab etmək mümkündür.
Siyasi amil: sülh prosesinin maneəsiz həyata keçirilməsi məqsədilə “Qarabağ hərəkatının” davam etməsinin qarşısını almaq, bu məsələnin daxili benefisiarlarını aradan qaldırmaqdır;
Hüquqi amil: ittihamlardan biri çirkli pulların yuyulmasıdır ki, Koçaryan-Sarkisyan cütlüyü bu işi işğal dövründə əsasən Qarabağ üzərindən həyata keçirirdi; istintaqın gedişində bu faktların ön plana çıxması və Azərbaycanın ən azı məlumat mübadiləsi qismində prosesdə iştirakı mümkün variantlardandır; Bakı məsələyə bu kontekstdə yanaşa bilər;
İstintaqın gedişində Sarkisyan və Koçaryana qarşı ittihamların genişləndirilməsi – Paşinyanın daha öncə gündəmə gətirdiyi “erməni əsgərlərin Ermənistan sərhədlərindən kənarda ölümə göndərilməsi” məsələsinin əlavə edilməsi mümkün variantlardandır. Bu ittiham da Azərbaycanın prosesə prosesə qoşulması imkanlarını yaradır.
Azərbaycan prosesə qoşularsa, Xocalı cəlladlarının Birinci Qarabağ müharibəsində törətdikləri əməllərə görə cəzalandırılmasına, sülh sazişinin imzalanmasından sonra az ehtimal olsa da, Bakıya təhvil verilməsinə nail ola bilər. Bu ehtimallar ən azı nəzəri olaraq, mümkündür. Sülh sazişi layihəsinin müəyyən bəndləri də bunun mümkünlüyünü ön plana çıxarır.
Layihənin VIII bəndində qeyd olunur ki, tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərinə qarşı mübarizə aparacaqlar. IX bəndində isə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, onlara münasibətdə ədalətin təmin edilməsi öhdəliyi əks olunur. Bu bəndlər sülh sazişinin imzalanmasından sonra Azərbaycana Koçaryan, Sarkisyan və digər cinayətkarların ekstradisiyalarına nail ola bilməsək belə, Qarabağda törətdikləri cinayətlərə görə cəzlandırılmasına nail olmaq imkanı verir.
Asif Nərimanlı
Mənbə: publika.az