Kreml “hazırıq” dedi, Zelenski YENİ PLANI açıqladı – Ciddi dəyişiklik olacaq?

Kreml “hazırıq” dedi, Zelenski YENİ PLANI açıqladı – Ciddi dəyişiklik olacaq?

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin müharibənin dayandırılması üçün ABŞ və Avropa ilə birgə plan hazırladığını bildirib. Onun sözlərinə görə, plan ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birgə hazırlanıb.

Sənəddə atəşkəsin elan olunması, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və bu ərazidə bufer zonasının yaradılması nəzərdə tutulur.

Rusiya bu planla razılaşacaqmı?

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, belə bir plan, prinsipcə, indiyədək mövcud olub və Rusiya tərəfindən rədd edilib:

“Bu səbəbdən Moskvanın Zelenskinin açıqladığı planı olduğu kimi qəbul etməsi ehtimalı aşağıdır. Lakin bu, Rusiyanın planı ümumiyyətlə müzakirə etməyəcəyi anlamına gəlmir. Əksinə, son günlər Rusiya tərəfi yeni sülh ideyalarını nəzərdən keçirməyə hazır olduğunu bildirir. Bununla yanaşı, Moskva əsas şərt kimi “yerdəki reallıqların” nəzərə alınmasını tələb edir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da avqustun 21-də Moskvanın yeni təkliflərə açıq olduğunu, lakin onların Rusiya rəhbərliyinin məqsədləri və mövcud ərazi vəziyyəti ilə uyğunlaşmalı olduğunu deyib”.

Politoloq qeyd edib ki, Zelenskinin açıqladığı planın ən mübahisəli hissəsi qoşunların qarşılıqlı geri çəkilməsi və bufer zonasının yaradılması ilə bağlıdır:

“Ukrayna üçün bu mexanizm müəyyən mənada kompromis kimi görünür. Kiyev bununla həm atəşkəsə razılaşmağa, həm də cəbhənin müəyyən hissələrində hərbi qüvvələrini geri çəkməyə hazır olduğunu göstərir. Planın ABŞ və Avropa ilə birlikdə hazırlanması isə Kiyevin prosesi yalnız Ukrayna-Rusiya razılaşması çərçivəsində deyil, daha geniş beynəlxalq mexanizmlə təmin etmək istədiyi mənasına gəlir.

Moskva üçün isə əsas suallar bufer zonasının harada yaradılacağı, ona kimin nəzarət edəcəyi və qoşunların geri çəkilməsinin Rusiyanın hazırda nəzarət etdiyi ərazilərin hüquqi, eləcə də siyasi statusuna necə təsir göstərəcəyi ilə bağlıdır. Rusiya indiyədək danışıqlarda ərazi tələblərini və Ukraynanın gələcək təhlükəsizlik arxitekturasına dair məhdudiyyətləri əsas prioritet kimi saxlayıb. Buna görə də Moskvanın cəbhə xəttindən hər iki tərəfin geri çəkilməsi formulunu əlavə şərtlər olmadan qəbul etməsi real görünmür. Kiyevin də bu şərtlərə müsbət yanaşacağı inandırıcı deyil. Moskva böyük ehtimalla atəşkəs prinsipini müzakirə edə bilər. Lakin qoşunların geri çəkilməsi, ərazilərin statusu, Ukraynanın təhlükəsizlik təminatları və bufer zonasına nəzarət məsələlərində ciddi dəyişikliklər tələb edəcək”.


Mənbə: yenisabah.az