İrana qarşı hiyləgər plan - Müəmmalı hücumun pərdəarxasında kim var?

İrana qarşı hiyləgər plan -

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücum edilib. Belə ki, hücum zamanı Bərzaninin Ərbil əyalətinin Pirmam rayonundakı ofisi və təhlükəsizlik xidməti rəhbərinin iqamətgahına zərbələr endirilib.

Hadisə nəticəsində ölən və xəsarət almasa da, Ərbil rəhbərliyi hücumu qəbuledilməz adlandırıb və arxasındakı şəxslərin nəticələrə görə məsuliyyət daşıyacağını bildirib.

İndiki məqmada əsas sual isə budur: Məsrur Bərzaninin ofisinə edilən hücumun arxasında kim var?

“Rudaw” nəşri məlumat yayıb ki, hadisə İrandan buraxılan iki “Hadid-110” dronu vasitəsi ilə baş verib.

İraqın xarici işlər naziri Fuad Hüseynlə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub. İraq tərəfi İrandan Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat istəyib. Əraqçi isə hücumun İran ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumatın olmadığını söyləyib.

İranın xarici işlər naziri Abbas Əraqçi hadisə ilə bağlı kürdlərə çağırış edib: “İraq Kürdüstanının Baş naziri Məsrur Bərzaninin ofisinə edilən hücum Tehranla Ərbil arasında nifaq salmaq məqsədi daşıyır. Kürd dostlarımız ayıq olmalı və qonşular arasında nifaq salmağa yönəlmiş təxribatlara uymamalıdırlar”.

O, Tehranın bu hücum görə təəccübləndiyini və Bərzaninin ofisinin vurulmasının arxasında İranın olmadığını bildirib.

Göründüyü kimi, Hücumun İran ərazisindən həyata keçirildiyi barədə Kürdüstanın təhlükəsizlik qurumlarının açıqlaması olsa da, İran bunu rədd edir və hadisənin Tehranla Ərbil arasında qarşıdurma yaratmaq məqsədi daşıdığını bildirir. Əslində, burada məsələ bu hücumun kimə sərf etməsidir. Çünki hadisənin baş verdiyi vaxt və seçilən hədəf təsadüfi görünmür. ABŞ-İran atəşkəsinin başa çatdığı, tərəflər arasında danışıqların nəticə vermədiyi və Vaşinqtonun Tehran üzərində təzyiqi artırdığı bir mərhələdə Ərbildə məhz kürd siyasi və təhlükəsizlik rəhbərliyinin hədəfə alınması xüsusi siyasi məna daşıyır.

İrana qarşı “kürd kartı”

İraq Kürdüstanı uzun müddətdir ABŞ üçün regionda mühüm tərəfdaşlardan biridir. İŞİD-lə mübarizə zamanı Vaşinqton və kürd qüvvələri arasında formalaşan hərbi əməkdaşlıq bunun ən mühüm nümunəsidir. Lakin İrana qarşı mümkün hərbi qarşıdurma tamam başqa məsələdir. Kürdlər ABŞ-ın müttəfiqi olsalar da, İranla birbaşa müharibəyə girməkdə maraqlı deyillər. Çünki Tehranla sərhədin mövcudluğu və İranın regiondakı təsir imkanları Ərbil üçün bu qarşıdurmanın hansı nəticələr doğura biləcəyini kifayət qədər aydın göstərir.

Əgər hücum həqiqətən İran tərəfindən həyata keçirilibsə, nəticə etibarilə Tehran özü üçün çox ciddi siyasi problem yaradır. Çünki hücum birbaşa kürd administrasiyasının siyasi və təhlükəsizlik rəhbərliyinə yönəlib, bunun ardınca Ərbilin İranla münasibətlərini daha da sərtləşdirməsi ehtimalı artır.

Hücumun İran ərazisindən həyata keçirilməsi ciddi arqumentdir. Lakin bu detal belə mütləq hücumun arxasında İran dövləti var demək deyil. ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində bildirib: “Bizim SEPAH ilə gizli əlaqəmiz var. Biz İrandakı SEPAH rəsmiləri ilə birbaşa danışırıq”.

Subyektiv yanaşmam belədir ki, ABŞ İranla mümkün hərbi toqquşmalar üçün kürdlərdən fəal istifadə etmək istəyir. Bunun üçün isə əvvəlcə Ərbilin İranla münasibətlərinin pozulması lazımdır. Çünki kürd administrasiyası Tehranla qarşıdurmadan mümkün qədər yayınmağa çalışır. Ərbilin mövqeyi dəyişmədiyi halda isə ABŞ-ın İrana qarşı hərbi planlarında kürd faktorundan geniş istifadə etməsi çətinləşə bilər.

turan rzayev 1 900x720 1

Turan Rzayev

Mənbə: globalinfo.az