YPG/PYD-dən İsrailə qarşı gözlənilməz açıqlama: Döyüşməyə hazırıq

YPG/PYD-dən İsrailə qarşı gözlənilməz açıqlama: Döyüşməyə hazırıq

PKK-nın Suriyadakı qolu YPG/PYD-nin Ayn əl-Ərəb (Kobani) üzrə məsul şəxsi Mahmud Berhudan İsrailin Suriyadakı fəaliyyətlərinə münasibət bildirib.

Berhudan İsrailin Suriyada irəliləməsinin qəbuledilməz olduğunu deyib. O, həmçinin Dəməşq rəhbərliyinin göstərişi olacağı təqdirdə İsrailə qarşı döyüşməyə hazır olduqlarını açıqlayıb.

Onun sözlərinə görə, İsrailin Qolan-Qüneytra-Dəra xəttindəki fəaliyyəti və təhlükəsi davam edir. Berhudan bildirib ki, Dəməşq rəhbərliyi onlara həmin ərazidə vəzifə versə, orada yerləşməyə və döyüşməyə hazırdırlar.

“Hazırda evdə oturmaq əvəzinə həmin bölgədə olmaq istəyirəm. Müharibə vəziyyəti yaranarsa, vətənimiz uğrunda döyüşməkdən çəkinmərik”, - deyə Berhudan vurğulayıb.

YPG/PYD rəsmisi həmçinin İsrailin Qəzza, Livan, Suriya və İranla bağlı siyasətinin bölgədə yaşayan kürdlər üçün də təhlükə yaratdığını iddia edib.

Berhudan İŞİD məsələsinə də toxunaraq təşkilatın Suriya və Türkiyə ilə yanaşı, kürdlərə də zərər vurduğunu söyləyib. O, İŞİD-in İsrail və İranda heç vaxt hücum həyata keçirmədiyini iddia edərək bunun diqqətçəkən məqam olduğunu bildirib.

Mənbə: publika.az