Sülh istəyən Ermənistan Hindistan silahlarından əl çəkmir - Sinq İrəvana niyə gəlib?

Sülh istəyən Ermənistan Hindistan silahlarından əl çəkmir - Sinq İrəvana niyə gəlib?

Hindistanın müdafiə məsələləri üzrə katibi Racеş Kumar Sinq Ermənistan Respublikasına rəsmi səfərə gəlib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, səfər Hindistan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın son dövrdə intensivləşdiyi bir vaxtda baş verir. Aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Hindistanda Racеş Kumar Sinq ilə görüşərək hərbi əməkdaşlığın genişləndirilməsi, təlim, imkanların inkişafı və ordunun modernləşdirilməsi məsələlərini müzakirə etmişdi. Son aylarda tərəflər hərbi texnikanın birgə hazırlanması, müdafiə sistemlərinin modernləşdirilməsi və digər strateji əməkdaşlıq istiqamətlərini də müzakirə ediblər.

Ermənistan Hindistan istehsalı olan silahların və raket sistemlərinin alışını son vaxtlaradək davam etdirir. Azərbaycanla sülh sazişini imzalamaq istədiyini bəyan etsə də, rəsmi İrəvan silahlanma prosesini də davam etdirir. Ötən ay Ermənistanın Hindistan istehsalı olan “Astra” sinif “hava-hava” raketlərinin alınması ilə bağlı danışıqları yekun mərhələyə çatdırdığı açıqlanmışdı. Hindistanın “Business Line” nəşri Dehlinin “Astra” raketlərinə maraq göstərən ən azı altı ölkənin olduğunu və onların sırasında Ermənistanın da yer aldığını açıqlamışdı. Nəşrin mənbələrinin bildirdiyinə əsasən, İrəvan bu raketlərin Rusiya istehsalı olan “Su-30SM” qırıcılarına inteqrasiyasıyla bağlı Yeni Dehli ilə danışıqların irəli mərhələsindədir.

Mənbə: musavat.com