Armen Qriqoryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsində Alen Simonyanla əvəzlənməsindən narazı qalıb.
Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, o, əvvəlcə vəzifəsini tərk etməyə və başqa postda işini davam etdirməyə hazır olub.
Lakin onun yerinə A.Simonyanı təyin etmək qərarını öyrəndikdən sonra hər şey dəyişib. Qeyd edilir ki, Simonyanı bu vəzifəyə təyin etmək qərarı Paşinyan komandasının bir çox üzvü üçün gözlənilməz olub. Çünki çoxları Simonyanın aktiv siyasətdən müəyyən müddətə uzaqlaşdığını hesab ediblər.
Nəşr iddia edir ki, Qriqoryan məhz bu səbəbdən Baş nazir Nikol Paşinyanın ona təklif etdiyi baş məsləhətçi vəzifəsindən imtina edib.
Məlumata görə, Baş nazir Qriqoryanla söhbəti zamanı onun işindən narazı olduğuna görə deyil, hazırda belə bir kadr dəyişikliyinə ehtiyac olduğuna görə bu qərarı qəbul etdiyini bildirib.
Nəşrin iddiasına əsasən, Simonyanın gözlənilməz təyinatı və Qriqoryanın getməsi hakim “Vətəndaş müqaviləsi” partiyası daxilində gərginliyi artırıb.
Xatırladaq ki, avqustun 13-də Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan ölkənin Təhlükəsizlik Şurasının katibi təyin edilib. O bu vəzifədə Armen Qriqoryanı əvəz edib. Sonuncu bu vəzifəni təxminən 8 il icra edib.
Mənbə: qafqazinfo.az