2 milyardlıq tələb və konyak qalmaqalı - İrəvan-Moskva xəttində qarşıdurma

2 milyardlıq tələb və konyak qalmaqalı - İrəvan-Moskva xəttində qarşıdurma

“Ermənistan konyakının Rusiya bazarına ixracına qarşı süni maneələrin yaradılması iddialarını araşdırmaq niyyətindəyik”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, hazırda bu iddia ilə bağlı hökumətdə təsdiqlənmiş məlumat yoxdur: “Lakin müvafiq qurumlar məsələni araşdıracaq. “Luding” şirkətinin həmtəsisçiləri arasında Ermənistan vətəndaşları da var. Ona görə faktlar təsdiqlənərsə, təhlükəsizlik qüvvələri şirkətin təsisçiləri ilə görüşəcək”.

Erməni baş nazir bildirib ki, yerli ixracatçıların və istehsalçıların normal fəaliyyətinə mane olan istənilən qanunsuz hərəkətin qarşısını alacaqlar.

Nikol Paşinyan Ermənistan dəmir yollarının Rusiya inhisarından çıxarılması haqqında da danışıb. Bildirib ki, bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib. Lakin daha öncə açıqladığı 2 milyard dollarlıq icarə tələbinin düzgün anlaşılmadığını da qeyd edib.

“2 milyard dollarlıq icarə tələbi ölkənin dəmir yolunun güzəştinə aid deyil. Bu, mümkün inkişaf ssenarilərindən biridir, lakin konkret bir şey nəzərdə tutmadım”, - o deyib.

Müəllif: Asif

Mənbə: publika.az