Ermənistan və İran arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.
Xarici mətbuata istinadla xəbər verilir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında mövcud gərginlik layihənin həyata keçirilməsinə mane olmayacaq. O, artıq bu istiqamətdə siyasi maneənin olmadığını deyib.
Politoloq Tofiq Abbasov bildirib ki, TRİPP layihəsinin həyata keçməsi yolunda həqiqətən də bölgədə əlverişli şərait formalaşır:
“Bu da bütün ölkələr üçün yeni mərhələyə keçidi özündə ehtiva edir. Bu keçid fonunda da hər bir tərəf çalışacaq ki, mənfəət götürsün. Prezident İlham Əliyev də bir neçə gün əvvəl dedi ki, layihələr bütün tərəflər üçün imtiyazlı şərait yaradır və burada hamı qazanc əldə edə bilər. Kim bunu etməyəcəksə, deməli öz səhvi üzündən yalnız itirəcək. Bölgəmizdə vəziyyət köklü surətdə dəyişmək üzrədir”.
Müsahibimiz hesab edir ki, Tehranın TRİPP məsələsində yumşalması İranın ABŞ ilə apardığı danışıqlarda yumşalmaya dəlalət edir:
“Pakistan yenidən fəal şəkildə vasitəçilik missiyasını həyata keçirir. ABŞ də tədricən öz mövqeyini yumşaldır. ABŞ rəhbərliyi də başa düşür ki, müharibə prosesində dərinə getmək ona heç bir üstünlük gətirmir. Əksinə, Amerikanın itkiləri çoxala bilər. Bu baxımdan İran da irəli addım ataraq, İrəvana prosesə qoşulduğunu bildirir”.
Həmsöhbətimiz ümid edir ki, İran artıq onun üçün yaxşı imkanların açıldığını anlamağa başlayıb:
“Əvvəl-axır tərəflər ortaq məxrəcə gələcəklər və gəlməlidirlər. Bildiyim qədər bu ən yaxın zamanlarda baş verəcək”.
Ekspertin sözlərinə görə, burada Azərbaycanın oynadığı rol həddən artıq konstruktivdir:
“Bakı həm özü, həm də qonşular üçün çalışdığını göstərir. Prezident Əliyev bildirdi ki, Naxçıvandan İrana daha bir dəmiryolu xətti çəkiləcək. Bu ondan xəbər verir ki, Azərbaycan diversifikasiya (şaxələnmə) siyasətində öndədir və regiondakı geoiqtisadi şəraiti saflaşdırır”.
T. Abbasov düşünür ki, bu dəyişikliyin geosiyasi proseslərə də böyük müsbət təsiri var:
“Bəzi oyunçular siyasi amili önə çəkərək, iqtisadi amili üstələmək istəyir. Bəzi hallarda da əskinə, görürsən ki, iqtisadi amilin özü prosesləri şərtləndirir. Onların kəsişməsi isə vacib rol oynayır. Siyasi və ya iqtisadi prosesləri süni şəkildə tezləşdirmək olmaz. Onlar bir-birini tamamlamalıdır. Ümumilikdə, vəziyyət durulur ki, o da bütün ölkələrin xeyrinədir”.
Rüfət Sultan
Mənbə: www.bakupost.az