Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...

Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...

Moskva Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin xarici siyasət kursunu müəyyənləşdirmək üçün təxminən bir ay vaxt verib. Paşinyan seçim etməlidir: Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi İttifaqı (Aİİ).

Bu barədə Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, qərar qəbul edilmədiyi təqdirdə Rusiya məhdudiyyətlərin “ikinci, daha sərt mərhələsinə” keçə bilər. Mənbələr konkret olaraq hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb, lakin bir neçə mümkün ssenaridən danışıblar.

Söhbət əsasən, Rusiyada çalışan erməni əmək miqrantlarına qarşı miqrasiya siyasətinin sərtləşdirilməsindən gedə bilər. Nəşrin həmsöhbətləri xəbərdarlıq edirlər ki, Ermənistan vətəndaşlarının Rusiyadan kütləvi şəkildə geri qayıtması ölkə üçün ciddi iqtisadi və sosial problemlər yarada bilər.

Digər mümkün addım kimi Ermənistanla hava əlaqələrinin azaldılması və ya tamamilə dayandırılması göstərilir. Qəzetin versiyasına görə, bu qərar turizm sektoruna ciddi zərbə vura, aviabiletlərin qiymətinin bahalaşmasına və əlavə logistika çətinliklərinin yaranmasına səbəb ola bilər. Bundan başqa, mənbələr enerji sahəsində də mümkün təzyiqi istisna etmirlər. Buraya Rusiyadan Ermənistana təbii qaz tədarükü ilə bağlı məsələlər də daxil ola bilər.

Moskvanın təzyiqləri nə dərəcədə onun arzuladığı nəticəni verə, nəinki son seçkilərdəki kimi, cəmiyyətdə əks-effekt yarada bilər? Bakı, Ankara və Qərbin Paşinyanın Rusiya sanksiyaları qarşısında duruş gətirə bilməsi üçün edə biləcəyi nələrsə varmı?

Yusif Bağırzadə: 'Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı  qanun qarşısında bərabərdir'

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Moskvanın sərt iqtisadi təzyiq siyasəti Paşinyanı qısa müddətdə müəyyən manevrlərə məcbur edə bilər: “O, Aİİ-dən dərhal çıxmaq qərarı verməkdənsə, vaxt qazanmağa, Rusiya ilə danışıqları davam etdirməyə və paralel şəkildə Qərblə inteqrasiyanı dərinləşdirməyə çalışacaq. Paşinyan özü də apreldə Aİ ilə yaxınlaşmanı davam etdirərkən Aİİ üzvlüyünü qorumaq xəttinin hələlik mümkün olduğunu bildirmişdi. Amma Moskva təzyiqi həddən artıq sərtləşdirərsə, nəticə əksinə ola bilər. Rusiya Ermənistanı Aİ-dən uzaqlaşdırmaq əvəzinə, Ermənistan cəmiyyətini Rusiyadan daha sürətlə uzaqlaşdıra bilər”.

Politoloq hesab edir ki, bu səbəbdən qarşıdakı bir ay Paşinyan üçün yalnız xarici siyasət seçimi deyil, Ermənistanın iqtisadi asılılıq modelini dəyişmək üçün vaxt qazanmaq mübarizəsi olacaq: “Bakı, Ankara və Qərbin burada əsas imkanları isə Paşinyanın yerinə seçim etmək yox, Ermənistanın həmin seçimi daha az iqtisadi risklə edə biləcəyi alternativləri formalaşdırmaqdır. Azərbaycan və Türkiyənin Paşinyana verə biləcəyi ən mühüm dəstək siyasi deyil, iqtisadi və kommunikasiya xarakterli ola bilər.

Əgər Ermənistanın Rusiya iqtisadiyyatından asılılığının azaldılması real məqsəddirsə, bunun üçün alternativ bazarlar, nəqliyyat marşrutları və enerji imkanları yaradılmalıdır. Azərbaycan-Türkiyə-Ermənistan arasında kommunikasiya xətlərinin açılması bu baxımdan xüsusi əhəmiyyət daşıya bilər. Xüsusilə Zəngəzur istiqamətində kommunikasiyaların açılması Ermənistanın regional tranzit imkanlarını genişləndirə, Türkiyə və Azərbaycan bazarlarına çıxışı asanlaşdıra və Ermənistan iqtisadiyyatının şaxələndirilməsinə xidmət edə bilər. Bu, eyni zamanda, Ermənistanın Rusiya nəqliyyat və logistika sistemindən asılılığını azaltmaq üçün ən real regional mexanizmlərdən biri ola bilər.

Qərbə gəlincə, Avropa İttifaqı artıq bu istiqamətdə addımlar atıb. İyunda Rusiyanın məhdudiyyətlərindən zərər çəkən Ermənistan üçün 50 milyon avrodan çox dəstək paketi elan edilib, iyulda isə Ermənistan ixracının böyük hissəsinin Aİ bazarına daha əlverişli şərtlərlə çıxarılması üçün yeni ticarət tədbirləri açıqlanıb”.

Mənbə: www.musavat.com