Zelenski: "Ukrayna ABŞ-yə müharibənin bitirilməsi üzrə təkliflər təqdim edib"

Zelenski: "Ukrayna ABŞ-yə müharibənin bitirilməsi üzrə təkliflər təqdim edib"
Prezident Volodimir Zelenski Ukraynanın ABŞ danışıqçılarına Rusiya ilə müharibəni bitirmək planı üzrə təkliflər təqdim etdiyini bildirib. Zelenski həmçinin ehtimal edib ki, Rusiya gələn ay keçiriləcək parlament seçkisindən yeni səfərbərlik elan edilməsi üçün bəhanə kimi istifadə edəcək.

"Reuters" agentliyinə istinadən xəbərə görə, Ukrayna lideri bu barədə axşam videomüraciətində məlumat verib.

"Biz öz təkliflərimizi ABŞ tərəfinə təqdim etdik. ABŞ müdafiəmizi, ilk növbədə hava hücumundan müdafiə sahəsində gücləndirməyə kömək edə və Rusiyaya öz planlarını dəyişdirmək - müharibənin davam etməsinə deyil, bitməsinə hazırlaşması üçün təzyiq göstərə bilər", - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının əlində dəlillər var ki, Rusiya öz sentyabr "psevdoseçkisi"ndən ("yalançı seçki") döyüş heyətini artırmaq məqsədilə yeni səfərbərlik elan etmək üçün istifadə edəcək.

"Onlar payızda, parlament seçkisinin təşkilindən dərhal sonra səfərbərliyə hazırlaşırlar. Qondarma seçkidən sonra Putin ilin sonuna qədər bir neçə yüz min rusiyalının, eləcə də gələn il yenə həmin qədər rusiyalının əlavə sürətli səfərbərliyini planlaşdırır", - deyə Zelenski bildirib.

Mənbə: oxu.az