ABŞ-də yüzlərlə "Boeing 737 Max" təyyarəsi texniki yoxlanışdan keçiriləcək

ABŞ-də yüzlərlə "Boeing 737 Max" təyyarəsi texniki yoxlanışdan keçiriləcək

"Boeing" şirkətinin daha köhnə təyyarə modellərinin konstruksiya elementlərində çatların aşkarlanmasından sonra, ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yüzlərlə "Boeing 737 Max" hava gəmisinin yoxlanılması barədə təlimat verib.

Bu barədə ABŞ-nin federal reyestrinin saytında məlumat dərc olunub.

Məlumatda vurğulanıb ki, yeni direktiv gövdə örtüyündə əvvəllər aparılmış təmir işlərinin yoxlanılmasını və ehtiyac yarandıqda, nəticələrə əsasən müvafiq tədbirlərin görülməsini tələb edir.

FAA-nın məlumatına əsasən, bəzi köhnə "Boeing 737 Max" laynerlərində qapı boşluqları və qəza çıxışları ətrafındakı zonaları möhkəmləndirən xüsusi altlıqlarda çatlar müəyyən edilib.

Yoxlamalar "Boeing 737 Max 8", " Boeing 737 Max 9" və "Boeing 737 Max 8-200" modellərindən olan təxminən 471 təyyarəni əhatə edəcək. Direktiv sentyabrın 10-dan etibarən qüvvəyə minir.

Mənbə: oxu.az