Paşinyanla Qareginin qovğasına İsraildəki keşişlər də qarışdı – Bakıdan GÖZLƏNTİ

Paşinyanla Qareginin qovğasına İsraildəki keşişlər də qarışdı – Bakıdan GÖZLƏNTİ

Ermənistandakı hakimiyyət – kilsə savaşına İsraildəki erməni keşişləri də qatılıb. Yеrusəlim (Qüds) Erməni Patriarxlığı bütün ermənilərin katolikosu II Qaregin və Ali Ruhani Şuranın üzvlərinə qarşı siyasi təzyiq və seçmə ədalət təəssüratı yaradan cinayət təqibinin dayandırılmasını tələb edir.

Qaregin–Paşinyan savaşı İrəvana nələr vəd edir?

Bu barədə qurumun bəyanatında bildirilir.

Patriarxlıq hakimiyyətin kilsənin daxili məsələlərini cinayət təqibi və məhkəmə təzyiqi yolu ilə həll etmək cəhdlərini qətiyyətlə pisləyir. Qeyd olunur ki, dövlət orqanlarının EHK-nin daxili kanonik, inzibati və intizam məsələlərinə müdaxiləsi Kilsənin muxtariyyəti prinsipinə ziddir və dövlət-kilsə münasibətlərində təhlükəli presedent yaradır.

“Katalikosun və Ali Ruhani Şura üzvlərinin təqib olunması xalis hüquqi prosedur kimi qəbul edilə bilməz, çünki bu, kilsəyə qarşı səngiməyən təzyiq, ictimai təhqirlər, iyerarxik qaydanı sarsıtmaq və ruhani hakimiyyətin nüfuzunu azaltmaq cəhdləri mühitində baş verir”, - bəyanatda qeyd olunur. Sənəddə vurğulanır ki, Ermənistan dövlət hakimiyyətinin Katalikosun şəxsiyyətinə və statusuna nümayiş etdirdiyi münasibət istər-isteməz EHK-nin digər iyerarxik taxt-taclarının və onların rəhbərlərinin də mövqeyində əks olunacaq.

Həmçinin qeyd edilib ki, Ermənistan hakimiyyəti Katalikosa olan münasibətin yalnız daxili siyasət məsələsi olmadığını dərk etməyə borcludur. “Bu, beynəlxalq əks-səda doğuran ümumnaməlum və ümumkilsə problemidir ki, EHK-nin dünyanın müxtəlif ölkələrindəki bütün iyerarxik taxt-taclarının mənəvi və hüquqi mövqeyini zəiflədə bilər”, - deyə bəyanatda bildirilir. Eyni zamanda, patriarxlıq səlahiyyətli orqanları Konstitusiya ilə zəmanət verilmiş dini azadlığa, kilsənin muxtariyyətinə, onun daxili kanonik qaydalarına hörmət etməyə, habelə ümumnaməlum parçalanmanı dərinləşdirə və EHK ilə dövlət arasındakı münasibətlərə düzəldilməz zərər vura biləcək hərəkətlərdən çəkinməyə çağırır. Patriarxlıq erməni xalqını Kilsənin müdafiəsinə qalxmağa səsləyir.

Qeyd edək ki, avqustun 7-də Eçmiədzində II Qaregin və altı yepiskopa qarşı açılmış iş üzrə ilk məhkəmə iclası keçiriləcək. Katolikos iclasda şəxsən iştirak etmək qərarına gəlib. Parlamentin müxalif “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları, eləcə də bir sıra ictimai xadimlər məhkəmə binası qarşısında Katalikosa dəstək aksiyası keçirmək niyyətindədirlər.

Xatırladaq ki, Ermənistanın İstintaq Komitəsi II Qareginin yepiskop Qevork Saroyanı (mülki adı — Arman Saroyanı) rütbədən məhrum etmək qərarından sonra cinayət işi qaldırıb. Saroyan Erməni Həvari Kilsəsi ilə münaqişədə hakimiyyəti dəstəkləmişdi. İcraat məhkəmə aktını icra etməmək, onun icrasına mane olmaq və icra etməməyə təhrik etmək maddələri üzrə aparılır. II Qareginlə yanaşı, EHK Ali Ruhani Şurasının daha altı üzvü də iş üzrə təqsirləndirilən şəxs qismində tanınıb.

Paşinyan Qaregini zərərsizləşdirə və öz kadrını kilsənin başına gətirə biləcəkmi? Məsələnin Ermənistan sərhədlərini aşıb, hətta İsrailədək uzanması prosesin tormozlanmasına və Qareginin əl-qol açmasına gətirib çıxara bilərmi?

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında öncə bir tarixi hadisəni xatırlatdı. Bildirdi ki, əslində orada qaldırdığımız məsələyə müəyyən aydınlıq gətirilir:

“Demək, 2021-ci ilin 8 iyulunda Yerusəlimin hay məhəlləsindəki torpaqların “İnək bağları” adlanan hissəsinin israilli investora 98 illiyə icarəyə verilməsi haqda gizli bir sənəd imzalanmışdı. O sənədi Yerusəlim Hay Patriarxlığının hazırda da rəhbəri olan Nurxan Manukyan imzalamışdı. Aradan bir neçə ay keçdikdən sonra bunun üstü açılanda o anlaşma sözügedən şəhərdə dinlərarası balansın pozulmasına yol açan addım kimi qiymətləndirilərək böyük qalmaqala yaratdı. İordaniya ilə Fələstin rəhbərliyi onun patriarx olaraq tanınmasını müvəqqəti dayandırdılar və onda Rusiya hərəkətə keçdi. O ölkənin İsraildəki səfiri Anatoli Viktorov 2022-ci il yanvarında patriarx Nurxan Manukyanla görüşdü”.

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi | Modern.az

Deputat digər məqama da diqqət çəkdi: “Düzdür, həmin görüş haqda xəbərdə Manukyanın atdığı addımın heç də dəstəklənmədiyi bildirilir. Amma 2022-ci ilin yanvarında – hadisələrin ən gərgin vaxtında, Fələstin və İordaniyanın Manukyanı boykot etdiyi bir dönəmdə səfirin onunla görüşməsi, rəsmi olaraq “tənqid” xarakteri daşısa da, əslində Manukyana uzadılan bir diplomatik ip idi. Burada bir faktı qeyd edim ki, 1967-ci il müqavilələrinə və tarixi status-kvoya əsasən, Yerusəlimdəki xristian və müsəlman müqəddəs məkanlarının rəsmi hamisi İordaniya Haşimi Krallığı sayılır. Yerusəlim patriarxları vəzifəyə başlayanda İordaniya kralının rəsmi baratını almalıdırlar. Yəni Rusiya bu addımla həm prosesdə əsas moderatorlardan biri olduğunu sərgilədi, həm də Manukyanın tamamilə təcrid olunmasının qarşısını aldı. Çünki tam təcrid Manukyanın kilsə daxilində devrilməsinə və Moskvanın nəzarət edə bilmədiyi daha radikal, yaxud da qərbpərəst qanadın təmsilçisinin patriarx olmasına aparıb çıxara bilərdi. Bir sözlə, Rusiya səfirinin Manukyanla görüşməsi bu adamın Moskva üçün heç də yad olmadığından xəbər verirdi. Nəzərə alsaq ki, Nurxan Manukyan Hələb doğumludur və o, 2013-cü ildə Yerusəlimə patriarx göndəriləndə Suriya, ilk növbədə də Hələb üzərində Moskvanın təsiri nə dərəcədə güclü idi, onda düşünmək olar ki, Anatoli Viktorovun onunla görüşü Yerusəlimdəki hay Patriarxlığının hazırkı rəhbərinin Rusiya dövlətinin təmsilçiləri ilə nə birinci, nə də sonuncu təmasıdır”.

S.Alıyev fikirlərini bu şəkildə davam etdirdi: “Yəni deməyim odur ki, Nurxan Manukyanın ikinci Qaregini dəstəkləməsinin arxasında Rusiyanın da istəyi dura bilər. Çünki Ermənistanda hay kilsəsi ilə hökumət arasındakı qarşıdurma heç də ilk baxışda göründüyü kimi, daxili çəkişmə deyil, onun arxasında geosiyasi oyunçular durur və bu, ən azından hələ bir neçə il davam edəcək uzunmüddətli bir prosesdir. Üstəlik, araşdırmalar göstərir ki, Eçmiədzinin özündə vəziyyət necədirsə, digər hay kilsələrində ondan da betərdir. Yepiskop və arxiyepiskopların əksəriyyəti casusdurlar və dini qaydalara demək olar ki, əməl etmirlər. Yəni Manukyan Qaregini dəstəkləməklə əslində bu “ənənə”nin davam etdirilməsini istəyir, çünki özü də onun yetirməsidir. Prosesin nə ilə başa çatacağına gəldikdə, onun taleyini Paşinyanla Qaregindən çox, Ermənistan uğrunda çarpışan güclərin regionda yeritdikləri siyasətin öz maraqları baxımından nə dərəcədə uğurlu olub-olmayacağı müəyyənləşdirəcək. Hələlik qeyri-müəyyənlikdir”.

E.Paşasoy

Mənbə: musavat.com