Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində ortaq müdafiə sazişi imzalayacağı gözlənilir.
Bu barədə “Agence France-Presse” məlumat yayıb.
Bildirilib ki, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə imzalanacaq. Mənbələrin sözlərinə görə, uzun müddətdir müzakirə olunan saziş bölgədə son hadisələr fonunda sürətləndirilib.
Saziş İsrail və Yunanıstan mediasında narahatlıq yaradıb. İsrailin “Ynet” nəşri mümkün razılaşmanın qarşılıqlı müdafiə prinsipi əsasında qurulacağını iddia edərək bunu Təl-Əviv üçün "ölümcül ittifaq" kimi qiymətləndirib.
“i24” telekanalı isə NATO üzvü Türkiyənin hərbi sənayesi, Səudiyyə Ərəbistanının iqtisadi gücü və nüvə silahına malik Pakistanın hərbi potensialını birləşdirəcək sazişin Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik oxu formalaşdıracağını yazıb.
Yunanıstan mediası da sazişin bölgədə qüvvələr balansına təsir edəcəyini, Türkiyənin regional mövqeyini daha da gücləndirəcəyini qeyd edib. “Pieria24” nəşri "Türkiyə iki ölkənin dəstəyi ilə gücünü daha da artıracaq" başlıqlı xəbərində yazıb:
"Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bu gün müdafiə sahəsində saziş imzalanacaq. Bölgədə son hadisələr fonunda sazişin imzalanma prosesinin sürətləndirildiyi düşünülür. Bu sazişin imzalanması Yaxın Şərqdə artan gərginlik dövründə üç ölkə arasında hərbi əməkdaşlığı gücləndirəcək və bölgədə qüvvələr balansını yenidən formalaşdıracaq”.
Müəllif: Roza
Mənbə: publika.az