Latviyadan Ukraynaya mühüm mesaj - Aİ və NATO bununla güclənəcək

Latviyadan Ukraynaya mühüm mesaj -

Latviyanın xarici işlər naziri Bayba Braje Ukraynanın həm Avropa İttifaqına (Aİ), həm də NATO-ya üzvlüyünün bu qurumları daha da gücləndirəcəyini bildirib.

Bu barədə o, "European Pravda"ya açıqlamasında danışıb.

Braje deyib ki, Latviya Ukraynanın Avropa İttifaqına inteqrasiya yolunda dəstəyini davam etdirəcək. Onun sözlərinə görə, Aİ vahid bazara malik dünyanın ən güclü siyasi və iqtisadi birliyidir.

"Bu səbəbdən hesab edirəm ki, Ukrayna bu birliyin mühüm və dəyərli üzvünə çevriləcək. Eyni zamanda, Ukraynanın NATO-ya qoşulması da Alyansı gücləndirəcək. Ukrayna artıq bu gün Aİ və NATO üçün mühüm təhlükəsizlik təminatçısıdır", - nazir vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski 2026-cı ildə ölkəsinin Aİ-yə üzvlüklə bağlı bütün danışıqlar klasterlərini açmağa hazır olduğunu, 2027-ci ildə isə Ukraynanın Avropa İttifaqına qoşula biləcəyini bildirmişdi.

Zelenski daha sonra qeyd etmişdi ki, Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olması həm Kiyev, həm də bütövlükdə Avropa üçün əsas təhlükəsizlik təminatlarından biri olacaq.

Müəllif: Adəm

Mənbə: publika.az