İsraildə ifrat sağçı Zehut Partiyasının lideri Moşe Feiqlin Qəzza ilə bağlı qalmaqallı açıqlamalar verib.
Feiqlin televiziya proqramında çıxışı zamanı Qəzzanın tamamilə boşaldılmasını, bölgədə yaşayan təxminən 800 min fələstinlinin isə Misir və İordaniya başda olmaqla digər ölkələrə göndərilməsini təklif edib.
O, Qəzzada "bir nəfər də ərəb qalmamalı idi" deyərək, bölgəyə su və elektrik təchizatının tamamilə dayandırılmasını müdafiə edib. Feiqlin, həmçinin fələstinlilərin Ariş və Əl-Məvasi istiqamətinə köçürülərək, daha sonra müxtəlif ölkələrə göndərilməli olduqlarını iddia edib.
Türkiyənin bölgədəki mümkün roluna da toxunan israilli siyasətçi, "Əgər oranı boşaltmasanız, Ərdoğan gəlib Qəzzada nəzarəti ələ keçirməyə çalışacaq" ifadəsini işlədib.
Feiqlin çıxışında işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilərin sayına dair rəsmi məlumatları da şübhə altına alıb və İsrailin "Yəhudi xalqının dövləti" kimi rəsmiləşdirilməsini nəzərdə tutan qanun təşəbbüsünü dəstəklədiyini bildirib.
Müəllif: Roza
Mənbə: publika.az