İspaniyanın Şimali Afrikadakı Seuta eksklavına on minlərlə miqrantın kütləvi axını Avropa İttifaqında ciddi siyasi gərginlik yaradıb.
Bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilib ki, Seutaya 50-60 min nəfər qeyri-qanuni yolla keçməyə cəhd edib. Onların böyük hissəsi cümə günü axşam saatlarınadək yenidən Mərakeşə qayıdıb.
Finlandiyanın "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema bildirib ki, miqrasiya böhranı Avropa İttifaqında dərin parçalanmaya səbəb olub.
"İspaniya ilə həmrəylik nümayiş etdirmək əvəzinə, bəzi Qərb ölkələri ona qarşı addımlar atmağa başladılar. Miqrasiya böhranından İspaniyanın suverenliyini sarsıtmaq üçün istifadə olunur", - deyə siyasətçi "X" sosial şəbəkəsində yazıb.
İspaniyanın baş naziri Pedro Sançes isə Aİ rəhbərliyinə ünvanladığı məktubda bəzi üzv ölkələrin reaksiyasını "eqoist və qanunsuz" adlandırıb. O, xüsusilə İtaliyanın İspaniyadan gələnlər üçün müvəqqəti sərhəd nəzarəti tətbiq etməsini və Fransanın ortaq sərhəddə yoxlamaları gücləndirməsini sərt tənqid edib.
İtaliyanın baş naziri Corcia Meloni isə İspaniyanın Şengen zonasındakı üzvlüyünün müvəqqəti dayandırılmasını təklif edib.
İspaniya hökumətinin məlumatına görə, Seutaya keçən 50 mindən çox miqrantın təxminən 48 mini könüllü şəkildə Mərakeşə geri dönüb.
Bununla yanaşı, faciə də yaşanıb. Rəsmi məlumata əsasən, sərhədi keçməyə çalışarkən azı 67 nəfər həyatını itirib. Onların bir qismi boğulub, digərləri isə dalğaqıranın dağıntıları altında və ya sərhəd hasarı yaxınlığındakı basabasda ölüb.
"Financial Times" qeyd edir ki, Seuta ətrafında yaranan böhran Almaniya, Fransa, İspaniya, Polşa və İtaliyada qarşıdan gələn seçkilər fonunda Aİ-də miqrasiya məsələsinin nə qədər həssas siyasi mövzuya çevrildiyini göstərir. Böhranla əlaqədar Aİ Şurasına sədrlik edən İrlandiya avqustun 4-də daxili işlər nazirlərinin fövqəladə iclasını keçirəcəyini açıqlayıb.
Adəm
Mənbə: publika.az