ABŞ-İran qarşıdurmasının uzanması artıq təkcə Yaxın Şərqin deyil, bütövlükdə Avrasiyanın geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirir. Müharibə dərinləşdikcə enerji təhlükəsizliyi, beynəlxalq logistika, ticarət marşrutları və regional iqtisadi əməkdaşlıq yeni reallıqlarla üz-üzə qalır. Ən mühüm nəticələrdən biri isə ondan ibarətdir ki, dünya və xüsusilə də Körfəz ölkələri mövcud marşrutlardan asılılığı azaltmaq üçün alternativ nəqliyyat və enerji dəhlizləri axtarmağa başlayıblar.
Müharibənin təsiri təkcə enerji ilə məhdudlaşmır
Yaxın Şərq və Körfəz bölgəsi dünyanın ən böyük enerji mərkəzlərindən biri olmaqla yanaşı, həm də qlobal ticarətin və maliyyə axınlarının əsas qovşaqlarındandır. Bölgədə hərbi risklərin artması neft və qaz ixracını çətinləşdirməklə yanaşı, dəniz daşımalarını, sığorta bazarını, logistika zəncirini və beynəlxalq investisiyaları da ciddi təzyiq altında saxlayır.
Nəticədə qlobal tədarük zəncirlərində qırılmalar baş verir, enerji bazarında qiymət dalğalanmaları güclənir, dünya iqtisadiyyatında inflyasiya və maliyyə risklərini artırır. Başqa sözlə, Körfəzdəki hərbir geosiyasi gərginlik artıq bütün dünya iqtisadiyyatına təsir edən sistemli böhrana çevrilir.
İraq üçün Türkiyə ən real çıxış yoludur
Mövcud vəziyyətdən ən çox təsirlənən ölkələrdən biri İraqdır. Neft gəlirləri ölkə iqtisadiyyatının əsas dayağı olduğundan, ixrac marşrutlarının təhlükəsizliyi Bağdad üçün həyati əhəmiyyət daşıyır. Hörmüz istiqamətində yaranan risklər İraqı alternativ yollar üzərində daha fəal işləməyə məcbur edir.
Bu baxımdan İraqın Baş naziri Əli əl-Zeydinin Ankaraya səfəri təsadüfi deyil. Səfər zamanı imzalanan sənədlər göstərir ki, Bağdad strateji baxımdan Türkiyə üzərindən Aralıq dənizinə və Avropa bazarlarına çıxışı prioritet istiqamət hesab edir.
Xüsusilə "İnkişaf Yolu" (Development Road) layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bəsrə limanından başlayaraq Türkiyə ərazisindən keçəcək dəhliz İraqa təkcə Avropaya deyil, eyni zamanda Qafqaza, Mərkəzi Asiyaya və daha geniş Avrasiya bazarlarına çıxış imkanı yarada bilər.
Bu layihənin əhəmiyyəti yalnız neft ixracı ilə məhdudlaşmır. Gələcəkdə həmin marşrut konteyner daşımaları, sənaye məhsulları, kənd təsərrüfatı yükləri və digər kommersiya yükləri üçün də mühüm logistika arteriyasına çevrilə bilər.
Türkiyə regional böhrandan strateji üstünlüklə çıxır
Hazırkı geosiyasi proseslər bir daha göstərir ki, Yaxın Şərqdə, Qafqazda, Balkanlarda, Aralıq dənizi, Qara dəniz hövzəsində Türkiyənin iştirakı olmadan dayanıqlı təhlükəsizlik və iqtisadi inteqrasiya modeli qurmaq getdikcə çətinləşir.
Ankara artıq yalnız tranzit ölkəsi deyil. Türkiyə enerji, logistika, diplomatiya və təhlükəsizlik sahələrini birləşdirən çoxşaxəli regional güc kimi çıxış edir. Son illərdə həyata keçirilən nəqliyyat layihələri, enerji infrastrukturunun genişləndirilməsi və diplomatik fəallıq Ankaranın geosiyasi çəkisini daha da artırıb.
Bu gün regional böhranların böyük hissəsində Türkiyə ya vasitəçi, ya əsas tranzit ölkə, ya da təhlükəsizlik arxitekturasının vacib elementi kimi iştirak edir.
Yeni reallıq Bakının da strateji əhəmiyyətini də artırır
Körfəzdə yaranan böhran Azərbaycanın da geosiyasi və geoiqtisadi mövqeyini gücləndirən amillərdən biridir.
Azərbaycanın son illərdə formalaşdırdığı Orta Dəhliz artıq sadəcə alternativ marşrut deyil, Avrasiyanın təhlükəsiz və etibarlı logistika xəttinə çevrilməkdədir.
Əgər Körfəz istiqamətində risklər uzun müddət davam edərsə, region ölkələri öz yüklərinin mühüm hissəsini Türkiyə-Azərbaycan xətti üzərindən Mərkəzi Asiyaya, Çinə, Qafqaza, Qara dəniz hövzəsinə və Avropaya daşımağa üstünlük verə bilərlər.
Bu isə Bakı üçün həm tranzit gəlirlərinin artması, həm logistika imkanlarının genişlənməsi, həm də geosiyasi nüfuzunun daha da yüksəlməsi deməkdir.
Enerji marşrutlarında da Bakı ön plana çıxır
Yeni şəraitdə yalnız Orta Dəhlizin deyil, Azərbaycanın enerji infrastrukturu da əlavə strateji əhəmiyyət qazanır.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Ceyhan limanı Körfəz ölkələri üçün yeni əməkdaşlıq imkanları yarada bilər. Gələcəkdə enerji resurslarının müxtəlif marşrutlarla dünya bazarına çıxarılması istiqamətində Ankara və Bakı üzərindən formalaşacaq modellər daha da aktuallaşa bilər. Beləliklə, Azərbaycan yalnız tranzit ölkəsi deyil, həm də Avrasiyanın enerji təhlükəsizliyinin əsas sütunlarından biri kimi mövqeyini daha da möhkəmləndirə bilər.
Ankara-Bakı tandemi yeni Avrasiya geosiyasətinin aparıcı oxuna çevrilir
Ən mühüm nəticə isə ondan ibarətdir ki, qlobal böhranlar fonunda Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı yeni keyfiyyət mərhələsinə yüksəlir.
Ankara və Bakı birlikdə Şərqlə Qərbi, Mərkəzi Asiyanı, Qafqazı, Aralıq dənizini və Avropanı birləşdirən yeni geoiqtisadi platforma formalaşdırırlar. Bu tandem təkcə iki qardaş ölkənin milli maraqlarına xidmət etmir, həm də Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirir, Avrasiyada sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Məhz buna görə də ABŞ-İran qarşıdurmasının doğurduğu yeni geosiyasi reallıqların əsas qaliblərindən biri Ankara–Bakı xətti ola bilər. Dünya alternativ marşrutlar axtardıqca, Türkiyə və Azərbaycan təhlükəsiz logistikanın, enerji əməkdaşlığının və Avrasiya inteqrasiyasının əsas dayaqlarından birinə çevrilmək potensialını daha aydın şəkildə nümayiş etdirirlər.
Yeni dünya düzənində geosiyasi güc təkcə hərbi imkanlarla deyil, etibarlı nəqliyyat dəhlizləri, enerji marşrutları və sabit tərəfdaşlıq platformaları ilə ölçüləcək. Bu baxımdan Ankara və Bakı artıq hadisələri izləyən deyil, onları formalaşdıran aktorlar sırasındadır.
Mürtəza Bünyadlı
Mənbə: olke.az