İrandan adalarla bağlı ABŞ-yə xəbərdarlıq - “Hərbçilərinizi raketlərlə məhv edəcəyik”

İrandan adalarla bağlı ABŞ-yə xəbərdarlıq -

“ABŞ-nin İran adalarını ələ keçirməyə cəhd etməsi inandırıcı deyil, çünki bu, Amerika hərbçiləri arasında böyük itkilərə səbəb ola bilər”.

Bu barədə RİA Novosti-yə müsahibəsində İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Baxşayiş Ərdistani bildirib.

İranlı deputat Vaşinqtonun adaları işğal edəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcəyini qeyd edib:

“Onlar üçün ilkin hədəf İran sahillərinə, daha sonra isə ölkənin daxilinə zərbələr endirməkdir. Tutaq ki, bundan sonra onlar Xark adasını ələ keçirdilər. Lakin bu halda həmin adaya raket zərbələri endirməklə oradakı Amerika hərbçilərini asanlıqla məhv etmək olar. ABŞ-nin adaları ələ keçirməyə cəhd etmə ehtimalı mövcud olsa da, bu risk olduqca aşağıdır”.

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan və 60 gün müddətinə hesablanmış müvəqqəti anlaşma memorandumu imzalamışdılar. Lakin iyulun 13-də “The New York Times” qəzeti ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların bərpa olunması barədə Konqresə rəsmi bildiriş göndərdiyini yazıb.

Ötən həftənin sonundan etibarən isə Vaşinqton və Tehran Yaxın Şərqdə qarşılıqlı zərbələr endirməkdədir. Hörmüz boğazı ətrafında yaranan mübahisələr fonunda gərginlik pik həddə çatıb. İyulun 14-nə keçən gecə ABŞ Prezidenti İslam Respublikasına qarşı bir neçə seriyadan ibarət “güclü zərbələr” endiriləcəyini vəd edib.

Mənbə: qafqazinfo.az