İrana endirilən zərbələr "yetər" deyənədək davam edəcək – Tramp

İrana endirilən zərbələr "yetər" deyənədək davam edəcək –

ABŞ prezidenti Donald Tramp "Fox News"a verdiyi son müsahibəsində İrana qarşı hərbi əməliyyatların gedişatı ilə bağlı bəyanatlar verib.

O, hərbi zərbələrin Vaşinqtonun məqsədlərinə çatdığına qərar verənə qədər davam edəcəyini vurğulayıb.

Tramp bildirib ki, İranla razılaşma əldə olunmazsa, gələn həftədən etibarən ABŞ İrandakı elektrik stansiyalarını və körpüləri hədəf alacaq. O, enerji infrastrukturunu bu zərbələrin "sonuncu hədəfi" kimi saxladığını qeyd edib.

Prezident zərbələrin "o, özü “yetər” deyənədək" davam edəcəyini bəyan edərək, İrana "razılaşma bağlayın, əks halda ölkənizdən heç nə qalmayacaq" mesajını verib.

Tramp ABŞ-ın İranın neft ixracı üçün strateji əhəmiyyətə malik Harq adasını işğal etmək planının olub-olmaması ilə bağlı suala dəqiq cavab verməkdən yayınıb. O, bu barədə danışmağın "axmaq" olacağını bildirsə də, gələcəkdə belə bir addımın atılma ehtimalını tamamilə istisna etməyib.


Trampın fikrincə, İranın hərbi potensialı xeyli zəifləyib, lakin hələ də müəyyən müqavimət göstərməyə qadirdir. O, həmçinin Tehranın yeraltı nüvə obyektlərini ("Pickaxe Mountain" kimi tanınan) yaxından izlədiklərini və onlara qarşı "bunker-buster" tipli bombaların istifadə oluna biləcəyini işarə edib.

Hazırda ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı yaxınlığındakı hərbi obyektlərə hava zərbələrini dördüncü gündür ki, davam etdirir və ölkəyə qarşı dəniz blokadası bərpa edilib.


Mənbə: bizim.media