“Spirtli içkini yox, toyları dəyişmək lazımdır” - Deputatdan ÇAĞIRIŞ

“Spirtli içkini yox, toyları dəyişmək lazımdır” - Deputatdan ÇAĞIRIŞ

Son günlər yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müzakirələrlə yanaşı, toy məclislərində spirtli içkilərin təqdimatının məhdudlaşdırılması və ya tamamilə yığışdırılması məsələsi də gündəmə gətirilir. Qeyd olunur ki, toy mərasimlərində baş verən dava-dalaş və digər xoşagəlməz hadisələrin əsas səbəblərindən biri spirtli içkilərin həddindən artıq istifadəsidir.

Bəs toylarda spirtli içkilərin ləğvi mümkündürmü?


Deputat Fazil Mustafa qeyd edib ki, dava-dalaşlarda spirtli içkilərin təsiri böyükdür və bir çox hallarda bu, müəyyən mənada “dopinq” xarakteri daşıyır: “Məsələn, kimisə öldürən, bıçaqlayan və ya hər hansı davaya qarışan insanların əksəriyyəti emosiyalarını artırmaq, özlərini daha cəsarətli hiss etmək üçün içkiyə üz tuturlar. Digər tərəfdən, spirtli içki qəbul edən insanların müəyyən qismi öz üzərində nəzarəti itirir. Çünki şüur bulananda insanın davranışlarını ardıcıl şəkildə nəzarətdə saxlaması çətinləşir. Amma bütün bunları birbaşa toylarla əlaqələndirmək düzgün deyil”.

Fazil Mustafanın fikrincə, toylarda içkini qadağan etmək çıxış yolu deyil: “Bununla problem həll olunmur. Əgər içki olmayacaqsa, bəs onun yerini nə tutacaq? Üç-dörd saatlıq məclisdə təqdim olunan 10-15 növ yemək daha faydalıdırmı? Əslində, bu da başqa bir problemdir. İnsanların qısa müddət ərzində həddindən artıq qida qəbul etməyə məcbur edilməsi, israfçılığın geniş yayılması və masalarda qalan saysız-hesabsız yeməklər də ciddi narahatlıq doğurur.

Açığı, bu məsələnin özü ayrıca həllini tələb edir. Toy məclisidirsə, insan nə yeyəcəyini özü seçib sifariş edə və həmin qidaları qəbul etməklə rahat şəkildə mərasimdə iştirak edə bilər. Amma onlarla lazımlı-lazımsız yeməyin insanlara məcburi şəkildə təqdim olunması, qısa müddətdə orqanizmin həddindən artıq yüklənməsi daha təhlükəli nəticələr yarada bilər.

Bu baxımdan düşünürəm ki, içki məsələsi də şəxsi seçim olmalıdır. Kim istəyər içər, kim istəyər içməz. Təbii ki, içməmək daha yaxşı seçimdir və ümumilikdə daha sağlam davranış hesab oluna bilər. Lakin bunu toy sahibinə və ya qonaqlara məcburi məhdudiyyət kimi tətbiq etmək doğru yanaşma deyil”.

Fazil Mustafa vurğulayıb ki, toylarla bağlı diqqət daha fundamental problemlərə yönəldilməlidir: “Burada həm israfçılıq, həm yüksək xərclər, həm də insan sağlamlığına vurulan zərər nəzərə alınmalıdır. Eyni zamanda, toy məclislərindəki həddindən artıq yüksək səs səviyyəsinin də insan sağlamlığı üçün təhlükəli olduğunu düşünürəm. Bir dəfə iştirak etdiyim toyların birində dostlardan biri saatındakı səsölçən tətbiqi göstərdi. Cihaz ingilis dilində xəbərdarlıq edirdi ki, təcili həmin mühiti tərk etmək lazımdır, çünki səs səviyyəsi sağlamlıq üçün təhlükəli həddə çatıb. Belə bir mühitdə mədəniyyətdən danışmaq çətindir. Əsəbləri gərən, beyinə mənfi təsir göstərən və insanı narahat edən bir atmosferin mədəni tədbir kimi təqdim olunması inandırıcı görünmür”.

Onun fikrincə, ümumiyyətlə, toylarla bağlı mövcud praktikanı mədəniyyət kateqoriyasına aid etmək çətindir: “Bunu ideal model kimi təqdim etmək isə gülünc görünür. Sosial şəbəkələrdə də tez-tez rast gəlirik: müğənni səhnədə çıxış edir, bəzi şəxslər isə pulu dürmələyib onun başı üzərinə səpir. Əgər kiminsə müğənniyə maddi dəstək vermək istəyi varsa, bunu birbaşa təqdim edə bilər. Pulun yerə səpilməsi hansı məntiqə və ya mədəni ənənəyə söykənir? Bu, nə estetik görünür, nə də mədəni davranış nümunəsidir”.

Xalidə Gəray

Mənbə: musavat.com