Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi -

Türkiyə Ali Məhkəməsi (Yargıtay) ailə-nikah münasibətləri və boşanma prosesləri ilə bağlı hüquqi müstəvidə çox böyük rezonans doğuracaq və presedent təşkil edəcək yeni bir qərara imza atıb. Məhkəmənin qərarına əsasən, həyat yoldaşına "Səni sevmirəm, sevgi bitdi" demək boşanma üçün əsaslı səbəb kimi qəbul edilib.

Bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

Həm qadın, həm də kişi təqsirli bilinib

Məhkəmə işinin təfərrüatlarına görə, qarşılıqlı boşanma iddiasına baxan Ali Məhkəmə tərəflərin hər ikisini müxtəlif dərəcədə təqsirli hesab edib. Məhkəmə qadını "Səni sevmirəm, sevgi bitdi" ifadəsini işlətdiyinə və başqalarının yanında ərinə qarşı təhqiramiz ifadələr nümayiş etdirərək onu alçaltdığına görə ailənin dağılmasında əsas günahkar tərəf kimi tanıyıb.


Eyni zamanda, məhkəmə prosesi zamanı qarşı tərəf olan kişinin də həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq etdiyi sübuta yetirilib və o da zorakılıq törətməkdə təqsirli bilinib.

Digər məhkəmələr üçün nümunə olacaq

Hüquqşünasların fikrincə, Ali Məhkəmənin qəbul etdiyi bu qərar Türkiyədə gələcəkdə baş tutacaq digər boşanma davaları üçün birbaşa hüquqi nümunə rolunu oynayacaq. Bundan sonra tərəfdaşlardan birinin sevgisinin bitdiyini bəyan etməsi və bunu psixoloji təzyiq formasına çevirməsi məhkəmələr tərəfindən evlilik birliyinin təməlindən sarsılması kimi qiymətləndirilə bilər.


Mənbə: bizim.media