Türkiyə-İsrail gərginliyi pik həddə: Ərdoğanın ittihamı Netenyahunu özündən çıxardı

Türkiyə-İsrail gərginliyi pik həddə: Ərdoğanın ittihamı Netenyahunu özündən çıxardı

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında səsləndirdiyi fikirlər İsrailin Baş naziri Benyamin Netanyahu ilə gərginliyin artmasına səbəb olub.

Türkiyə Prezidenti İsrailin Livana və Suriyaya yönəlik hücumlarını sərt tənqid edib. Təl-Əvivin əməliyyatlarının artıq Türkiyəni də təhdid etdiyini söyləyib. Ərdoğan bildirib: “Netanyahu və cinayət şəbəkəsinin Suriya və Livana hücumları artıq sadəcə bu iki qardaş ölkəni deyil, Türkiyəni də təhdid edən bir nöqtəyə çatıb. Suriya ilə Livan iki müstəqil dövlətdir. Onlar Türkiyənin sevgi və qardaşlıq coğrafiyası daxilində yer alırlar. Şam və Beyrut İstanbulun qardaş şəhərləridir. Türkiyənin təhlükəsizliyi sadəcə Hataydan deyil, həm də Beyrutdan, Şamdan başlayır”.

Türkiyə liderinin çıxışı İsrailin baş nazirini qəzəbləndirib. Netanyahu X platformasındakı paylaşımında Rəcəb Tayyib Ərdoğanı hədəf alıb və Türkiyəni ittiham edib. Baş nazir Türkiyə liderini sərt tənqid edib və bu ölkəni HƏMAS-ı dəstəkləməkdə, “kürdlərə qarşı soyqrımı” törətməkdə ittiham edib. “İsrail Dövləti və dünyanın ən əxlaqlı ordusu olan İDF, Yaxın Şərqi və bütün dünyanı təhdid edən İrana və onun əlaltılarına qarşı güclü tədbirlər görməyə davam edəcək”, – Netanyahu bildirib.

Ərdoğan bu paylaşıma səssiz qalmadı və “Arzımevut hezeyanına icazə verməyəcəyik” sözləri ilə qarşılıq verdi. “Arz-ı Mev-ud” məşhur “vəd edilmiş torpaqlar” ideologiyasının həyata keçirilməsini ümumiləşdirən bir ifadədir.

Kürd kartı

“Kürd məsələsi” adı ilə ortaya atılan və illərdir problem kimi böyüdülməsinə çalışılan plan, Türkiyəyə qarşı məqsədli şəkildə formalaşdırılan təzyiq alətidir. Ortada heç bir “soyqrımı”dan söhbət gedə bilməz. Türkiyə ordusu 40 ildən çoxdur dağlara çəkilən PKK terror qruplaşması və onun uzantılarına qarşı mübarizə aparır, etnosu fərq etmədən bütün Türkiyə vətəndaşlarını onlardan qorumağa çalışır. Əsl soyqırımı edən tərəf Türkiyənin parçalanması və gücsüzləşdirilməsi üçün kürd əsilli əhalini təxribata cəlb edən, onları silahlandıran və yaşadıqları ölkəyə düşmən edən xarici qüvvələrdir. Yəni bu açıqlamanın hansı məqsədlə verildiyi bəllidir.

Livan planı

Türkiyə və İsrail arasında gərginlik yeni deyil, sadəcə zaman-zaman vəziyyət alovlanır, ya da nisbətən azalır. İsrailin Livanda aktiv əməliyyatlar keçirməsi İranla ABŞ arasında əldə olunması gözlənilən razılaşmaya əsas maneə kimi dəyərləndirilir. Çünki Tehran bu razılaşma üçün “bütün cəbhələrdə atəşkəs” tələbini irəli sürüb. Buna baxmayaraq, İsrail “Hizbullah” təhdidinin tamamilə aradan qalxmasını hədəflədiyini və Livanda əməliyyatları davam etdirəcəyini söyləyir.

Suriya məsələsi

Bəşər Əsəd dövründən sonra İsrail Suriyanın bir sıra bölgələrini də daimi şəkildə atəşə tutur, hərbi təhdid təzyiqini gücləndirir. Xüsusilə sərhəd bölgəsində “bufer zona”nın yaradılmasını əsas göstərərək irəliləyir və özünə uyğun xətt qurur. O cümlədən, ölkə daxilində Suriya ordusunun mərkəzlərinə də zərbələr endirir. Bu, İsrailə qarşı ehtimal təhdidlərin aradan qaldırılması üçün görülən tədbirlər adlandırılır. Təl-Əvivin narahatlığı anlaşılandır, çünki Suriya ilə mübahisəli və hələ də tam müəyyənləşdirilməyən sərhəd xətti var. Bu isə Əsəddən sonrakı dövrdə Türkiyənin yaxın iştirakı, hətta birbaşa nəzarəti ilə yenidən hökumət qurulması və ölkənin bərpası işlərinə maneə hesab edilir. Ankara Təl-Əvivin Fələstin, İran, Suriya və Livan siyasətini qəti şəkildə dəstəkləmir. Liderlər, rəsmilər dəfələrlə “söz savaşı” və qarşılıqlı ittihamlar həyata keçiriblər.

Həmçinin dövlət qurumlarından qarşılıqlı “təhdid” mesajları da verilir. Bu məsələ isə həm regionu, həm də Azərbaycanı narahat edir.

Birbaşa qarşıdurma, yoxsa bilvasitə mübarizə?

Türkiyə və İsrailin maraqları bir çox bölgələrdə toqquşur. Suriya da hazırda belə ocaqların başında gəlir. İki ölkə arasında zaman-zaman birbaşa hərbi qarşıdurma xəbərdarlıqları edilsə də, bir çox analitiklər bunun baş vermə ehtimalının zəif olduğunu deyirlər. Əsas faktor kimi isə Türkiyənin NATO üzvü olması, ABŞ və Prezident Donald Tramp göstərilir. Tramp dəfələrlə Ərdoğanla yaxın əlaqələrinin olduğunu, ona hörmət etdiyini vurğulayıb, o cümlədən Türkiyənin İsraillə qarşıdurmaya girməyəcəyinə əminliyini ifadə edib. Lakin ABŞ liderinin ikinci prezidentliyi dövründəki mübahisəli yanaşmaları, “olmayacaq” dediklərinin baş verməsi bu məsələdə elə də əminlik doğurmur.

Tom Barrak və Osmanlı planı

ABŞ-ın İsrailin bir nömrəli müttəfiqi olması və demək olar bütün xarici siyasət strategiyasının tam koordinasiya ilə yürüdülməsi sirr deyil. ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın müxtəlif zamanlarda verdiyi iddialı açıqlamalar tez-tez skandala səbəb olur. Hətta hər sözü ayrı müzakirə doğurur. Barrakın davamlı olaraq Osmanlı mesajları isə xüsusi diqqət çəkir. O, Osmanlı imperiyasının “millət sistemi”ni (fərqli dini və etnik qrupların öz daxili qaydaları ilə muxtar şəkildə birgə yaşamasını) tərifləyir. Bunu müasir dövrdə Yaxın Şərq üçün nümunə olaraq göstərir. Manama Təhlükəsizlik Dialoqu forumunda etdiyi çıxışda Barrak, Qərb dövlətlərinin Osmanlı torpaqları parçalandıqdan sonra regionda yürütdüyü siyasəti kəskin tənqid edib. Səfirin fikrincə, regionda xaricdən tətbiq edilən demokratik modellərdənsə, bölgənin öz ənənələrinə uyğun gələn idarəetmələr daha effektiv işləyir.

Barrak İsrail və Türkiyənin qarşılıqlı ittihamlarını, düşmən münasibətini sərt tənqid edir. O, İsrail mediasının “Osmanlı imperiyası xəritəsi” yayımlaması, Türkiyə mətbuatının da “Böyük İsrail” xəritəsi nəşr etməsinin doğru olmadığını, bu yolla ölkələrin belə ideyalar təqdim edərək ictimaiyyətdə xof yaratdığını söyləyib. ABŞ səfirinin Osmanlı tərifləri Türkiyədə birmənalı qarşılanmır və müəmma doğurur.

Düşmən kimdir?

Maraqlıdır ki, İsrailin birinci səviyyəli müttəfiqi ABŞ-ın Ankaradakı səfirinin Osmanlının “ideal idarəçilik modeli” fikirləri, əslində, Türkiyə hökumətinin xalqa Osmanlı mesajları ilə üst-üstə düşür. ABŞ-ın özünün təyin etdiyi və dəyişməyə can atmadığı, skandal açıqlamalarını da təkzib etmədiyi səfirinin bu sözlərindən xəbərsiz olması mümkün deyil. Belə olan halda sual yaranır: Osmanlı idarəçiliyi modelinin yenidən tətbiqini dəstəkləyən konkret tərəflər kimlərdir? Bu modelin hansı ölkənin Yaxın Şərqə “rəhbərliyi” ilə tətbiqi düşünülür? Türkiyə və İsrailin qarşı-qarşıya gətirilməsində, aralarında müxtəlif yollarla davamlı gərginliyin saxlanılmasında, yaxud bunun dünyaya belə təqdim olunmasında maraqlı olanlar kimlərdir?

Ayşən Mustafa

Mənbə: globalinfo.az