Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri ölkəmizə səfər ediblər. Səfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə baş tutub.
Qonaqlar sırasında “Morocco World News” xəbər portalının həmtəsisçisi və direktoru Adnane BENNİS, “Zamane” jurnalının təsisçisi və baş redaktoru Youssef CHMİROU, “Al Alam” qəzetinin direktoru Abdellah Əl Bakkali, “Le Matin” mətbu orqanının inzibati direktoru Ali Alaoui Sossey, “Hespress” onlayn xəbər portalının jurnalisti Ali Ben Harar, “Al Ahdath Al Maghribia” qəzetinin jurnalisti Radouane Elbaldi, “Maroc Hebdo” siyasi jurnalının jurnalisti Aissa Amourag, “Le360” xəbər portalının jurnalisti Fatima Əl Karzabi kimi Mərakeşin nüfuzlu media nümayəndələri var.
Səfər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünya ölkələri arasında mövqeyi, tarixi, mədəniyyəti, milli-mənəvi dəyərlərinin beynəlxalq aləmdə təbliği və təşviqi məqsədilə təşkil edilib. Ölkəmizdə olduqları müddətdə xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşa şəhərində ermənilər tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələri, həmçinin hazırkı vəziyyət, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlar. Həmçinin bir sıra dövlət qurumlarında rəsmi görüşlər də nəzərdə tutulub. Toyuqlu pizza
Qonaqlar ilk olaraq Fəxri xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər. Sonra Hərbi Qənimətlər Parkında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qonaqların Bakı gəzintisi şəhərin digər görməli yerlərinə ekskursiya ilə davam edib.
Qeyd edək ki, ümumilikdə isə son illər 1000-dən çox xarici tarixçi, politoloq, jurnalist və hüquqşünas ölkəmizə səfər edib, komitənin xətti ilə işğaldan azad olunmuş ərazilərə baş çəkiblər. Ermənistanın işğalı nəticəsində həmin ərazilərə dəyən ziyan, eləcə də Qarabağda aparılan yenidənqurma işləri ilə haqqında məlumatlandırılıblar. Həmin səfərlərlə bağlı yüzlərlə məqalə xarici mediada yayılıb.
Mənbə: yenisabah.az