Bakıda növbəti irimiqyaslı iməclik keçirilib - FOTO

Bakıda növbəti irimiqyaslı iməclik keçirilib - FOTO

Bu gün paytaxtda növbəti genişmiqyaslı daxili iməclik keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, köşk və dayanacaqlar yuyulub.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, qurumuş budaqlar budanıb, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Eyni zamanda, park, prospekt və küçə kənarlarında şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayan rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

İməcliklə yanaşı, həm də paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat 19-dan sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı Nizami Gəncəvi parkında, Nərimanov rayonunda "Gənclik" metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev parkında və Mərkəzi Nəbatat Bağında açıq hava konsertləri keçiriləcək.

Məlumat üçün qeyd etmək lazımdır ki, axşam konsertlərinin keçirilməsinə keçən həftədən start verilib və bu konsertlər yayın sonuna kimi davam edəcək.

Mənbə: oxu.az