Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki siyasi böhran iki ölkə arasında iqtisadi əməkdaşlığa təsir göstərə bilər.
Bu, “Vedomosti”yə müsahibə verən ekspertlərin fikridir.
“Azərbaycan daxili istehlak üçün Rusiyanın “Urals” neftini alır (2024-cü ildə 1,53 milyon ton), özünün premium “Azeri Light” markalı neftini ixrac edir və son nəticədə bu əməliyyatlardan “yaxşı gəlir əldə edir, - bunu Energetika və Maliyyə İnstitutunun energetika üzrə baş direktoru Aleksey Qromov deyir. “Bundan başqa, Rusiya Azərbaycan üçün əsas meyvə-tərəvəz bazarlarından biridir”.
Prezident Akademiyasının Beynəlxalq Ticarət Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Knobelin fikrincə, Azərbaycan daha həssas vəziyyətdədir:
“O, təkcə bazarı və təchizatçını deyil, həm də logistik tərəfdaşını itirəcək. Rusiya yerli itkilərlə və müəyyən mallar üçün qiymət artımı ilə üzləşəcək, lakin axını yenidən konfiqurasiya edə və boşluğu digər bazarlarla kompensasiya edə biləcək".
Ölkələr nə alıb-satır?
Ali İqtisadiyyat Məktəbi nəzdində Ticarət Siyasəti İnstitutunun direktoru Aleksandr Daniltsev qeyd edir ki, iki ölkə arasında qarşılıqlı ticarət ümumən kifayət qədər dinamik şəkildə inkişaf edir: 2020-2024-cü illərdə ölkələr arasında ticarət dövriyyəsi, 2010-2014-cü illərlə müqayisədə, 1,5 dəfədən çox artıb. Bu, əsasən Rusiya ixracının artımı hesabına baş verib (demək olar ki, 2 dəfə)
Daniltsev deyir ki, Rusiya Azərbaycanın üçüncü ən böyük ixrac tərəfdaşıdır - Türkiyə və İtaliyadan sonra (habelə Çindən sonra ikinci ən böyük idxal tərəfdaşıdır).
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin ilk 5 ayında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25% artaraq 2,16 milyard dollara çatıb. Bundan başqa, Rusiyadan ixrac idxaldan təxminən 3 dəfə çox olub - 446 milyon dollara qarşı 1,7 milyard dollar.
Ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2024-cü ildə Rusiyanın xarici ticarət dövriyyəsi 716,9 milyard dollar təşkil edib. Ötən il Rusiyanın xarici ticarətində Azərbaycanın payı 1%-dən az olub.
2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 47,7 milyard dollar səviyyəsində olub - Rusiya onun demək olar ki, onda birini təmin edib.
Rusiya Azərbaycana əsasən yanacaq və enerji məhsulları verir. BMT-nin əmtəə ticarəti statistikası və “Vedomosti”nin hesablamalarına görə, keçən il neft və onun distillə məhsullarının daxil olduğu “mineral yanacaq” əmtəə qrupu Rusiyanın bu ölkəyə tədarükünün demək olar ki, üçdə birini (1,18 milyard dollar) təşkil edib.
Bu ilin ilk 4 ayında qiymətli daşlar və metallar liderdir (bu ölkəyə tədarükün 29%-i və ya 439,4 mln.). İkinci yerdə mineral yanacaq (yanvar-aprel ayları üçün 24% və ya 355,3 mln. dollar) gəlir. Azərbaycana tədarük edilən ilk üçlükdə qara metallar (4 ayda 7% və ya 103,8 milyon dollar) olub.
Azərbaycan Rusiyanı əsasən kənd təsərrüfatı məhsulları ilə təmin edir. Ötən il tərəvəz və meyvə tədarükünün ümumi payı Azərbaycanın Rusiyaya ixracının demək olar ki, yarısını - təxminən 600 milyon dollar təşkil edib. Bu ilin ilk dörd ayında meyvə və qoz-fındıq bütün tədarüklərin 27 faizini (87,5 milyon dollar), tərəvəz və kök bitkiləri 23 faizini (73,7 milyon dollar) təşkil edib. Bu ölkədən idxal edilən ilk üçlükdə plastik və plastik məmulatlar (24% və ya dörd ay ərzində 78 milyon dollar) yer alır.
Azərbaycanın iqtisadiyyatında Rusiyanın rolu
Knobel qeyd edir ki, Azərbaycan üçün Rusiya ən mühüm satış bazarlarından biridir. 2024-cü ildə Azərbaycan ixracının təxminən 1 milyard dolları Rusiyaya gedib ki, bunun da üçdə ikisi kənd təsərrüfatı məhsullarıdır: meyvə, tərəvəz və konservlər.
Ekspert qeyd edir ki, bu istiqamətin itirilməsi fermerlərin və emal müəssisələrinin gəlirlərinin kəskin azalması deməkdir.
"Əvəzedicini tez tapmaq mümkün olmayacaq: Avropa və Fars körfəzi ölkələrində ciddi keyfiyyət tələbləri var və orada logistika daha bahadır. Daxili bazar bütün həcmi qəbul edə bilməyəcək və bu, istehsalçıların qiymətlərinin aşağı düşməsinə, məhsulun azalmasına və kəndlərdə işsizliyin artmasına səbəb olacaq", - ekspert hesab edir.
Knobel deyir ki, Rusiyadan idxalın dayandırılması daha da həssas olacaq. Yanacaq, metal və gübrə daxil olmaqla, Azərbaycanın bütün alışlarının 17%-i Rusiyanın payına düşür.
Ekspert hesab edir ki, "Rusiya yanacağı Türkiyə və ya İran yanacağından daha ucuzdur, metallar və gübrələr daha sürətli çatdırılır. Əvəzetmə tədarük zəncirlərinin yenidən qurulmasını, yeni müqavilələrin bağlanmasını tələb edəcək və qiymətlərin bahalaşmasına səbəb olacaq".
Artıq birinci ildə bu, bu ölkədə inflyasiyaya 1,5-2 faiz bəndi əlavə edə bilər.
Mənbə: yenisabah.az