2020-ci ildə, 1976-cı ildən bəri ilk dəfə Ay səthindən Yerə qayalı nümunələr gətirilmişdi. Çin Xalq Respublikasının "Chang’e 5" kosmik aparatı Ay səthinə etdiyi səfərdən sonra təxminən 2 kiloqramlıq materialla Yerə dönmüşdü.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, illər sonra Ay səthindən gətirilmiş bu ilk nümunələrdən bəziləri Çin tərəfindən Böyük Britaniyaya borc olaraq göndərilib.
Məlumata əsasən, bu toz hissəcikləri hazırda Milton Keynes şəhərində yüksək təhlükəsizliklə qorunan bir müəssisədə, qapalı seyfdə saxlanılır.
Professor Maheş Anand Britaniyada bu son dərəcə nadir materialı borc alan yeganə alimdir. O, bu Ay tozunu "qızıl tozundan belə daha dəyərli" kimi təsvir edir və əlavə edir: "Dünyada heç kimin Çinin bu nümunələrinə çıxışı olmamışdı, buna görə də bu böyük bir şərəf və üstünlükdür".
Xəbərə görə, professor Anandın komandası bu tozu üyüdərək lazerlə analiz etməyi planlaşdırır. Məqsəd Ayın necə formalaşdığı və Yer tarixinin ilk dövrləri ilə bağlı əsas suallara cavab tapmaqdır.
Məlumatda deyilir ki, bu toz hissəciklərinin tərkibində Ayın, Yerin təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə bir planetlə toqquşması nəticəsində formalaşdığı nəzəriyyəsini dəstəkləyən dəlillər ola bilər.
Aydın
Mənbə: qaynarinfo.az