Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını keçib.
“Report” xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu göstərici ölkənin iqtisadi sabitliyindən xəbər verir və həm yerli, həm də xarici investorlar üçün cəlbedici mühit yaradır:
“Hazırda özəl sektorun ÜDM-də payı 83 %, məşğulluqda isə 78 %-dən çoxdur.”
Nazir müavini vurğulayıb ki, son beş il ərzində qeyri-neft-qaz sektoru real ifadədə təxminən 26 % artıb, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə yüksəlib.
“Bu ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 15,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 3,5 % artım göstərib”, – deyə E.Əliyev qeyd edib.
O, həmçinin dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətinə toxunub:
“Bu istiqamətdə artıq dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsinin icrasına başlanılıb. Biznes nümayəndələrinin təşəbbüsləri yeni və gəlirli innovativ layihələrin həyata keçirilməsinə təkan verə bilər. Belə fəallıq özəl sektora yeni bazarlara, texnologiya və innovasiyalara çıxış imkanları qazandırar, həmçinin yeni məhsul və xidmətlərin formalaşmasına şərait yaradardı”.
Mənbə: report.az