Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun bir neçə iqtisadçı ilə görüşündə müzakirə edilən məsələlərdən biri də maaş və pensiyaların ödənilməsi məsələsi olub. Belə ki, artıq bu ödənişlərin sırf iri banklar vasitəsilə verilməsinə son qoyulacaq.
Bu dəyişiklik vətəndaşlara və banklara necə təsir edəcək?
Deputat Vüqar Bayramov deyib ki, bank sektorunda təmərküzləşmənin azaldılması və bu istiqamətdə həm inzibati, həm də təşviqedici tədbirlərin həyata keçirilməsi vacibdir:
Vüqar Bayramov
“Bu gün çalışanların əməkhaqqı, həmçinin pensiya kartları az sayda banklar tərəfindən təklif edilir. Yeni mexanizmlə, vətəndaşlarımız seçmək hüququna malik olacaqlar. Bu, həm də sistem əhəmiyyətli olmayan banklarda belə plastik kartlar, əməkhaqqı və pensiya kartlarının təklif olunmasına və onların da məhz bu istiqamətdə aktivlərinin, gəlirlərinin artmasına gətirib çıxara bilər. Yaxın zamanlarda təmərküzləşmənin daha da azaldılması ilə bağlı real addımlar atılacaq”.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, artıq vətəndaş maaşının istənilən bank kartına köçürülməsini təmin edə biləcək:
Xalid Kərimli
“Ola bilər ki, şirkət öncədən fərqli bankla əməkdaşlıq edib. Amma indi ani ödəniş sistemi vasitəsilə şəxsin seçim etməsi mümkün olacaq. Bu isə müsbət dəyişiklikdir. “Əməkhaqqı mütləq şirkətin verdiyi karta gələcək”, deyə bir şey yoxdur. Başqa bank kartları ilə də ödənişləri ala bilərsiniz. Proses bəzi bankların üstünlüklərini aradan qaldıracaq. Adətən sistem əhəmiyyətli banklar, daha etibarlı hesab olunurdu. Fikrimcə, Mərkəzi Bankın bu addımı bank sektorunda rəqabəti yaxşılaşdıracaq. Vətəndaş üçün rahatlığı artıracaq. Paralel olaraq, tövsiyə edərdim ki, bank seçimi zamanı ehtiyatlı olsunlar”.
Günay Rəsulqızı
Mənbə: globalinfo.az