Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək.
Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda:
- həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə.
Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əmək haqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq əməkhaqqı alan işçilərin əməkhaqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əməkhaqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.
Saatlıq əməkhaqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əməkhaqqı minimum saatlıq əməkhaqqı məbləğindən aşağı ola bilməz. Əməkhaqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əməkhaqqı minimum saatlıq əməkhaqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir.
Minimum saatlıq əməkhaqqının məbləği minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.
Saatlıq əməkhaqqı müəyyən edilmiş işçilərə əməkhaqqı əmək müqaviləsində nəzərdə tutulmuş vaxtda ödənilməlidir.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən əməkhaqqının yaradılmasını hədəfləyən minimum əməkhaqqı bu gün bütün dünyada sosial siyasət alətlərindən biridir. Minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq təşkilatların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Saatlıq minimum əməkhaqqı tam və natamam iş vaxtı rejimində işləyən İşçilərə əməyin ödənilməsində bərabər rəftarı təmin edir. Saatlıq minimum əməkhaqqı qısamüddətli müqavilə əsasında işə cəlb edilən və ya natamam iş saatında işləyən bəzi işçi kateqoriyaları üçün xüsusilə vacibdir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyinə görə ölkəmizdə tətbiq olunan minimum əməkhaqqı aylıq dövrü əhatə edir və bu zaman da bəzi hallarda işçilərə əməkhaqqının məbləği minimumdan aşağı olaraq ödənilir.
Belə ki, mövcud əmək qanunvericiliyində işçilərin əməyı vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir və müxtəlif hallarda əməkhaqqının ödənilməsinin fərqli qaydaları nəzərdə tutulur (məsələn, müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi, peşələr əvəz edildikdə əməyin ödənilməsi, hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi, natamam iş vaxtında əməyin ödənilməsi qaydası və s.).
Bəzi kateqoriyalı işçilərə saatlıq minimum əməkhaqqının müəyyən edilməsi minimum əməkhaqqına daha çevik yanaşmanı, işçilər arasında bərabər münasibəti, işəgötürənlər tərəfindən əməkhaqqının hesablanması mexanizminin müəyyən edilməsi və sui-istifadə hallarının qarşısının alınmasını təmin edir və işçilərin gözlənilən standart iş həftəsindən fərqli olaraq, həqiqətən işlədikləri saatlara görə maaş almasına imkan yaradır.
Bu xüsusda əmək münasibətlərinin təkmilləşdirilməsi, əməkhaqqı sisteminin çevikliyinin artırılması və işçilər üçün minimum əməkhaqqı təminatlarının gücləndırılməsı məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsina minimum saatlıq əməkhaqqı ila bağlı yeni normalar daxil edilib.
Dəyişikliklərə əsasən, qanunvericilikdə aylıq əməkhaqqı ilə yanaşı, saatlıq əməkhaqqı anlayışı da təsbit olunub. Bununla müəyyən iqtisadı fəaliyyət sahələrində çalışan işçilərin əməyinin saatlıq ödəniş sistemi əsasında tənzimlənməsi və hər işlənmiş saat uçun ödənilən əməkhaqqının ölkə üzrə müəyyən edilmiş minimum saatlıq əməkhaqqı məbləğindən aşağı olmamasının təmin edilməsi nəzərdə tutulur.
Eyni zamanda, Məcəllədə nəzərdə tutulan qaydada natamam iş vaxtı ilə işləyən və aylıq əməkhaqqı alan işçilərin əməkhaqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əməkhaqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməməsi müəyyən edilir.
Saatlıq əməkhaqqı sisteminin tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.
Müvafiq qaydalara əsasən, qeyd olunan sahələrdə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya iqtisadi fəaliyyət növündən asılı olmayaraq həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.
Yeni yanaşma xüsusilə qısamüddətli əmək müqavilələri ilə çalışan və natamam iş vaxtı rejimində işləyən şəxslərin əməkhaqqının faktiki işlənmiş vaxta uyğun hesablanmasına imkan yaradır. Eyni zamanda, hər işlənmiş saat üçün minimum ödəniş təminatının müəyyən edilməsi işçilərin hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edir. Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi əməkhaqqının müəyyən edilməsində daha çevik mexanizmin formalaşdırılmasına, əmək münasibətlərinin şəffaflığının artırılmasına və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə töhfə verəcək.
Layihənin qəbul edilməsi dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmayacaq.
Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə həmçinin əməkhaqqı ödənişlərinin elektronlaşdırılması məsələsi də öz əksini tapıb.
Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarətin həyata keçirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur.
Qeyd olunan normativ hüquqi aktın qəbul olunması nəticəsində, əməkhaqqı kartına müvafiq köçürülmələr barədə məlumatların əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim edilməsi əmək münasibətlərində şəffaflığın artırılması və işçi hüquqlarının daha səmərəli müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə bir sistemin tətbiqi işəgötürənlərin əməkhaqqı ödənişlərini vaxtında və tam şəkildə həyata keçirmələrinə nəzarətin gücləndirilməsinə imkan verir. Nəticədə, əməkhaqqının ödənilməsində yaranan qanunsuzluqların, o cümlədən gecikmələrin, azaldılmaların və ya gizlədilmələrin aşkarlanması və aradan qaldırılması daha əlçatan olur. Bu isə əmək bazarında ədalətlilik və sosial ədalətin təmin olunmasına, işçilərin hüquqlarının qorunmasına, həmçinin sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə zəmin yaradır.
Nəzarət mexanizminin tətbiqi ilə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan işçı və işəgötürən arasında əmək münasibətlərinin şəffaflığını təmin edə biləcək, əməkhaqlarının duzgün ödənilməsini təmin edən effektiv nəzarət sistemina sahib olacaq. Bu, həmçinin əmək münasibətlərində yaranan pozuntuların vaxtında müəyyən edilməsini və müvafiq tədbirlərin görülməsini asanlaşdıracaq. Beləliklə, əməkhaqlarının ödənilməsinə dair müasir və effektiv nəzarət mexanizminin tətbiqi ölkədə əmək qanunvericiliyinin icrasının təkmilləşdirilməsinə, işçi hüquqlarının qorunmasına və əmək bazarının davamlı inkişafına mühüm töhfə verə bilər.
Nəticə etibarilə, əməyin ödənişi tam şəkildə elektronlaşacaq, işəgötürənlərin amak ödənişlərinın uçotu, hesablanması və ödənilməsi ilə bağlı iş yükü azalacaq, gələcəkdə İşəgötürənlərin vergi orqanlarına təqdim etdikləri əməyin ödənişi ilə bağlı gəlir vergisi sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac yaranmayacaq, rüblük bəyannamələr, aylıq məlumatlarla avaz olunacaq, əməyin ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və elektron (proaktiv) nəzarət mexanizmi qurulacaq.
Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri güclənəcək, sığorta pensiya sistemində ödənilən MDSS haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsi təmin olunacaq, ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin itirilməsi və s hallarda orta aylıq əməkhaqqının avtomatik hesablanması təmin ediləcək və vətəndaşın özünün gəlir tarixçəsinə çıxış imkanı genişlənəcək.
Mənbə: qafqazinfo.az