Rusiyanın dizeli daşıyan tankerləri ABŞ-yə gedəsi olmadı

Rusiyanın dizeli daşıyan tankerləri ABŞ-yə gedəsi olmadı

Rusiya dizel yanacağının ABŞ-tə çatdırılması planları şübhə altındadır.

İki gəmi marşrutunu dəyişib, üçüncüsünün isə təsdiqlənmiş gəliş limanı yoxdur.

Syerra-Leone bayrağı altında üzən “Leruo” tankeri Braziliyaya gedir. “Talisman” Aralıq dənizinə daxil olub və Əlcəzair sahillərində yerləşir. Onun təyinat yeri açıqlanmayıb. Hər iki gəmi sanksiyalar altındadır.

Üçüncü tanker olan “Agioi Fanendes” hazırda ABŞ-yə doğru gedir. “Kpler” tədqiqat şirkəti onun da ABŞ sahillərinə çatmayacağına inanır.

Amerika şirkətləri Rusiya yanacağının alınmasının hüquqi və reputasiyaya zərərli nəticələrindən qorxurlar. ABŞ-də dizel ehtiyatları 20 illik minimum səviyyəyə çatsa da, onlar sövdələşmələrdən imtina edirlər.

Konqresin bəzi üzvləri də bu təhizata qarşı çıxıblar və şirkətləri Rusiyadan dizel yanacağının alınmasında, daşınmasında, idxalında və ya boşaldılmasında iştirak etməməyə çağırıblar. Nyu-Cersi qubernatoru Mikki Şerril yanacağın Nyu-York və Nyu-Cersi limanlarına göndərilməsini dayandırmaqla hədələyib.

Çatdırılma planlarında yaxın gələcəkdə 300.000 tondan çox, noyabr ayında isə daha 500.000 tondan çox dizel yanacağı nəzərdə tutulurdu. Daha sonra həcmin bir milyon tona qədər artması gözlənilirdi. ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının alınmasına 2027-ci ilin aprel ayına qədər icazə verib.

Donald Tramp bu alışları yanacaq qiymətlərini aşağı salmağın bir yolu kimi təqdim edib. Ekspertlər gözlənilən çatdırılmaların ABŞ-də dizel qiymətlərinə az təsir göstərəcəyini təxmin edirlər.(Musavat.com)

Mənbə: olke.az