Hindistanın "UFlex Limited" şirkəti və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) iştirakı ilə Ələt Azad İqtisadi Zonasında (AFEZ) qablaşdırma məhsullarının istehsal ediləcəyi müəssisə yaradılacaq.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Hindistanın qablaşdırma sənayesində ixtisaslaşmış beynəlxalq şirkəti "UFlex Limited" ilə İqtisadiyyat Nazirliyinin tabeliyində ABİF arasında əməkdaşlıq əsasında yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur. Layihə "UFlex Limited"in beynəlxalq aktivlərini idarə edən "Flex Middle East FZE" şirkəti vasitəsilə reallaşdırılacaq. Bu məqsədlə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ABİF, "Flex Middle East FZE" və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb.
117.7 milyon ABŞ dolları dəyərində olan istehsal layihəsi AFEZ-də həyata keçiriləcək. Layihənin icrası məqsədilə "Flex Films AZB AFEZ CO" şirkəti təsis edilib və müəssisənin yaradılması üçün AFEZ-də 4.7 hektar torpaq sahəsi ayrılıb. Layihə çərçivəsində illik 60 min ton istehsal gücünə malik müasir müəssisənin yaradılması planlaşdırılır.
Layihənin həyata keçirilməsi Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı, ixracyönümlü istehsalın genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və ölkəmizdə qablaşdırma sənayesinin inkişafına töhfə verəcək.
Qeyd edək ki, "UFlex Limited" 1985-ci ildə Hindistanda təsis edilmiş beynəlxalq şirkətdir. Şirkət qablaşdırma plyonkaları, qablaşdırma materialları və əlaqəli məhsul və texnologiyaların istehsalı üzrə ixtisaslaşıb. "UFlex" məhsullarını 150-dən çox ölkəyə ixrac edir və 9 ölkədə beynəlxalq standartlara uyğun istehsal müəssisələrinə malikdir.
Mənbə: oxu.az