"Benzin Azərbaycandan tədarük olmasaydı, dəfələrlə baha olardı" - Erməni nazir

"Benzin Azərbaycandan tədarük olmasaydı, dəfələrlə baha olardı" -

Ermənistana alternativ neft məhsullarının, xüsusilə də Azərbaycan benzininin tədarükü olmasaydı, ölkədə yanacaq qiymətləri faizlərlə deyil, dəfələrlə artardı.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, dünyada qiymətlərin kəskin bahalaşmasına baxmayaraq, Ermənistanda artım ən aşağı səviyyələrdən biri olub:

"Biz kəskin qiymət sıçrayışının qarşısını almaq üçün benzini Azərbaycandan idxal etdik. Əgər alternativ olmasaydı, Ermənistanda qiyməti ehtimal ki, bir neçə yüz dram bahalaşardı".

Nazir əlavə edib ki, vəziyyəti ümumi dünya kontekstindən ayırmaq olmaz və çıxış yolu mümkün qədər çox tədarük mənbəsinə malik olmaqdır. Bu yanaşma həmçinin sıxlaşdırılmış qaza və ümumilikdə enerji daşıyıcılarının qiymətlərinə də şamil edilir.

Mənbə: bizim.media