“Gündəlik səfərlərimizə bir sualdan başlamaq lazımdır: hara gedirik, nə ilə gedirik və niyə məhz həmin nəqliyyat növünü seçirik? Böyük şəhər aqlomerasiyalarında nəqliyyat sisteminin effektivliyi yalnız yolların, avtobusların və ya qatarların sayından asılı deyil. Sərnişin axınlarının şəhər üzrə necə paylandığı da ən azı onlar qədər vacibdir”.
Yeni Sabah-a istinadla xəbər verilir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. O bildirib ki, Bakı kimi böyük aqlomerasiya üçün nəqliyyat axının bölüşdülürməsi vacibdir:
“Bakının timsalında maraqlı vəziyyət yaranır. Paytaxtın əsas şəhərlərarası və beynəlxalq nəqliyyat qovşaqlarına baxdıqda, bir hava limanı, bir əsas avtovağzal və bir əsas dəmiryol vağzalı görürük.
Bu qovşaqların yerləşmə xüsusiyyətləri isə sərnişinlərin böyük hissəsinin müəyyən istiqamətlərdən şəhərin ayrı-ayrı hissələrinə deyil, eyni mərkəzi nöqtələrə yönəlməsinə səbəb olur. Nəticədə təkcə həmin qovşaqlar deyil, onlara aparan metro, avtobus və avtomobil yolları da əlavə yüklənir.
Burada əsas sual yaranır:
Bütün sərnişinləri mümkün qədər bir neçə böyük qovşaqda toplamaq doğrudur, yoxsa axınları şəhər üzrə daha rasional şəkildə bölmək lazımdır?
Məncə, Bakı kimi böyük aqlomerasiya üçün ikinci yanaşma daha çox müzakirə olunmalıdır.
Şəhərin mərkəzi və şərq hissələrində əlavə şəhərlərarası avtobus və dəmiryol qovşaqlarının yaradılması sərnişin axınlarının parçalanmasına, səfərlərin qısalmasına və nəqliyyat əlçatanlığının yaxşılaşmasına xidmət edə bilər.
Burada söhbət yalnız yeni avtovağzal və ya vağzal tikməkdən getmir. Əsas məsələ nəqliyyat qovşaqlarının şəhərin məkan strukturu ilə düzgün əlaqələndirilməsidir.
Məsələn, Kiyev təcrübəsinə baxaq. Şəhərdə 20 avtostansiya və 5 avtovağzal fəaliyyət göstərir. Burada diqqətçəkən məqamlardan biri avtobus qovşaqlarının dəmiryol vağzallarına yaxın yerləşməsidir. Hətta beynəlxalq avtobus reyslərinin də bu qovşaqlardan istifadə etməsi sərnişinə bir nəqliyyat növündən digərinə keçidi asanlaşdırır.
Bu modeldən çıxarılası əsas dərs sayın çoxluğu deyil, funksiyaların şəhər üzrə bölüşdürülməsidir.
Məsələn:
qərb istiqamətindən gələn sərnişin üçün şəhərin digər başına getmək məcburiyyəti yaranmamalıdır;
şərq və cənub-şərq istiqamətləri üçün ayrıca şəhərlərarası nəqliyyat qovşaqları nəzərdən keçirilə bilər;
avtobus və dəmiryol qovşaqları bir-birinə yaxın yerləşdirilməlidir;
metro, şəhərdaxili avtobus və gələcəkdə digər mikromobillik vasitələri ilə inteqrasiya təmin edilməlidir; beynəlxalq, regional və şəhərlərarası reyslər üçün fərqli qovşaq strukturu formalaşdırıla bilər.
Ekspert həmçinin əlavə edib ki, düzgün nəqliyyat infrastrukturu sərnişini infrastruktura uyğunlaşdırmamalıdır:
“Əslində məsələ “Bakıda neçə avtovağzal olmalıdır?” sualından daha genişdir.
Əsas sual belə qoyulmalıdır:
“Bakıda sərnişin axınlarını harada və necə bölüşdürsək, şəhər üçün daha əlçatan və daha səmərəli nəqliyyat sistemi yaradar?”
Çünki sərnişin axınının parçalanması öz-özlüyündə məqsəd deyil. Məqsəd sərnişinin lazımsız yerə şəhəri keçməsinin qarşısını almaq, nəqliyyat qovşaqlarına çıxışı yaxşılaşdırmaq və bütün sistemi daha balanslı yükləməkdir.
Bəlkə də Bakı üçün növbəti mərhələdə yeni avtovağzal tikintisindən əvvəl “Sərnişin axınlarının məkan üzrə paylanması” ayrıca tədqiqat mövzusu olmalıdır.
Əvvəlcə axını ölçək. Sonra modelləşdirək. Daha sonra qovşaqların harada yerləşməli olduğunu müəyyənləşdirək. Çünki düzgün nəqliyyat infrastrukturu sərnişini infrastruktura uyğunlaşdırmamalıdır — infrastruktur sərnişinin real hərəkət tələbatına uyğun qurulmalıdır”.
Mənbə: www.bakupost.az