Azərbaycan TIR-ları Ermənistan məhsullarını İran malı kimi Rusiyaya daşıyıb - QALMAQAL

Azərbaycan TIR-ları Ermənistan məhsullarını İran malı kimi Rusiyaya daşıyıb - QALMAQAL

Astara gömrük-keçid məntəqəsi və yük terminalında Azərbaycan və Dağıstan qeydiyyat nişanlı 10-a yaxın yük maşınının iştirakı ilə problem yaranıb.

Bu barədə "RIA Dağıstan" məlumat yayıb.

Dağıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, söhbət Ermənistanda yetişdirilən bibərdən gedir. Məhsulun reeksport (təkrar ixrac) yolu ilə Rusiyaya göndərilməsi planlaşdırılıb. Lakin araşdırma zamanı iranlı vasitəçilərin sənədləri saxtalaşdıraraq yükü İran mənşəli məhsul kimi təqdim etməyə çalışdığı üzə çıxıb.

Bildirilib ki, Dağıstandan olan sürücülər artıq 10 gündür qərar gözləyirlər. Bu müddətdə bibərin bir hissəsi xarab olmağa başlayıb. Daşıyıcılar yükün boşaldılmasına icazə verilməsini istəsələr də, vasitəçilər buna razı olmayaraq daşınmanın boşaltma aparılmadan davam etdirilməsini tələb edirlər.

Məsələ ilə Dağıstan Regional Avtomobil Daşıyıcıları İctimai Təşkilatının nümayəndəliyi məşğul olur. Yaxın vaxtlarda İranın Ədliyyə Nazirliyinə sorğu göndərilərək vəziyyətin hüquqi tərəfinin aydınlaşdırılması və məcburi dayanma nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsinin qaldırılacağı bildirilib.

Dağıstan Nəqliyyat Nazirliyi isə qanunsuz erməni mənşəli məhsulların daşınmasının yolverilməz olduğunu vurğulayaraq, Rusiyaya belə yüklərin idxalına icazə verilmədiyini xatırladıb. Qurum daşıyıcıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırıb.

Müəllif: Adəm

Mənbə: publika.az