Ali təhsil müəssisələrinin, iş yerlərinin çoxu Bakıda cəmləşdiyi üçün paytaxtda əhali sayı durmadan artır. Bu da ictimai nəqliyyatda sərnişin sıxlığına təsirsiz ötüşmür. Səhər və axşam saatlarında avtobus və metroda olduğu kimi dəmiryol qatarlarında da sərnişin sıxlığı yaşanır. Alternativ nəqliyyat vasitəsi kimi insanları tıxacsız, daha sürətli mənzil başına çatdıran qatarlarda diqqətçəkən məqam isə ikimərtəbəli qatarlarda bəzi vaqonların ikinci mərtəbəsində yerləşən salona girişin məhdudlaşdırılmasıdır.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, qeyd edilən sərnişin salonu Abşeron dairəvi marşrutunda xidmət göstərən 9 ədəd ikimərtəbəli sərnişin qatarının cəmi 4-də mövcuddur.
Qeyd edilib ki, ikinci mərtəbədə yerləşən həmin salonda birinci sinif yerlərə bilet alan sərnişinlərə fərdi işıqlandırma, masalar, fırlanan oturacaqlar və digər bu kimi daha yüksək komfort və texniki imkanlar təqdim olunur.
“Sözügedən salonun gündəlik yüksək sərnişin axını olan dairəvi marşrut üzrə hərəkət edən qatarlarda intensiv istifadəsi texniki reqlamentə əsasən uyğun hesab edilmir. Həmin qatarlar hazırda həftə sonları Bakı–Qəbələ–Bakı marşrutu üzrə xəttə buraxılır. Bu reyslər üzrə müntəzəm birinci sinif xidmətinin göstərilməsi üçün salonun orijinal komfort standartları qorunur və bu səbəbdən gündəlik istifadəsi məhdudlaşdırılıb.
Qeyd olunan salonda cəmi 9 yer təqdim olunur. Bu, 375 oturacaqlı qatarda xüsusi fərq yaratmadığı üçün və yuxarıda qeyd olunanları nəzərə alaraq vaqonun bu hissəsinin istifadəsi şəhərətrafı qatarlarda sərnişindaşıma xidmətinin keyfiyyətinə təsir etmir” – məlumatda vurğulanıb.
Günay Şahmar, Bizim.Media
Mənbə: bizim.media