İlon Maskın şirkətləri birjada dəyər itirir

İlon Maskın şirkətləri birjada dəyər itirir

Valyuta.az-a istinadən xəbər verilir ki, iyunun 30-dan etibarən "Tesla"nın səhmləri təxminən 24%, "SpaceX"in səhmləri isə 31% ucuzlaşıb.

Ən böyük eniş isə "Tesla"da qeydə alınıb. Şirkətin səhmləri bir ticarət sessiyası ərzində 14,5%-dən çox ucuzlaşaraq 319,69 dollara düşüb. Bununla da bir gündə hər səhm üzrə 54,32 dollar dəyər itkisi yaşanıb.

Səhmlərin kəskin enməsi şirkətin 2026-cı ilin ikinci rüb üzrə maliyyə hesabatını açıqlamasından sonra baş verib.

Bildirilib ki, "Tesla" ikinci rübdə gəlirlərini illik müqayisədə 26% artıraraq 28,24 milyard dollara çatdırıb. Bu göstərici analitiklərin gözləntilərini də üstələyib. Belə ki, LSEG tərəfindən sorğulanan ekspertlər şirkətin gəlirlərinin 25,71 milyard dollar olacağını proqnozlaşdırırdılar.

Bununla belə, güclü gəlir artımı investorların narahatlığını aradan qaldırmayıb. Bazarda əsas narahatlıq şirkətin süni intellekt, robototexnika və uzunmüddətli gəlir gətirməsi hələ dəqiq olmayan digər layihələrə böyük həcmdə investisiya yatırması ilə bağlıdır. Bu amil həm "Tesla", həm də "SpaceX" səhmlərinə təzyiq göstərən əsas səbəblərdən biri kimi qiymətləndirilir.

Mənbə: olke.az