ABŞ-İran münaqişəsi regional layihələrə və nəqliyyat dəhlizlərinin fəaliyyətinə böyük ölçüdə mənfi təsir göstərib. Həmin dəhlizlərdən biri də ölkəmiz üçün xüsusi önəm daşıyan Şimal-Cənub marşrutudur.
Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi 9,289 milyon ton təşkil edib.
Lakin 2026-cı ilin 28 fevralında başlayan ABŞ-İran münaqişəsindən sonra dəhlizin yükdaşıma qabiliyyəti xeyli aşağı düşüb.
Müharibə region üçün hansı risklər yaradır?
Qeyd edək ki, İran ətrafında gərginliyin yenidən alovlanması təkcə Yaxın Şərqin təhlükəsizlik mühitini dəyişmir. Bu hadisələr dünya iqtisadiyyatının mühüm damarlarından birinə çevrilməkdə olan Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətini də sual altına salır. Yəni, müharibələr xəritələri dəyişdirdiyi kimi, ticarət marşrutlarını da dəyişir. Çünki sərmayə və yük ilk növbədə təhlükəsizliyi seçir.
Şimal–Cənub dəhlizi Hindistanı İran və Azərbaycan üzərindən Rusiya, Mərkəzi Asiya və Avropaya bağlayan strateji layihədir. Son illərdə Süveyş kanalına alternativ kimi təqdim olunan bu marşrut milyonlarla ton yükün daha qısa müddətdə daşınmasını hədəfləyirdi. Lakin İranın hərbi əməliyyatlar zonasına çevrilməsi bu layihənin ən zəif halqasını üzə çıxarır.
Müharibənin ilk zərbəsi etimada dəyir.
Heç bir beynəlxalq logistika şirkəti raket təhlükəsi olan əraziyə milyonlarla dollar dəyərində yük göndərmək istəmir. Bu isə yük axınının azalması, sığorta haqlarının bahalaşması və daşınma xərclərinin artması deməkdir. Bir neçə gün davam edən hərbi gərginlik belə aylarla davam edən iqtisadi itkilərə səbəb ola bilər.
Digər mühüm təhlükə infrastrukturla bağlıdır. Dəmir yolları, avtomobil magistralları, körpülər və limanlar müasir iqtisadiyyatın "qan damarları”dır. Onların fəaliyyətində yaranan kiçik fasilə belə bütün dəhlizin işini iflic edə bilər. Bu səbəbdən müharibələr yalnız hərbi deyil, həm də logistika savaşına çevrilir.
Nəzərə alaq ki, Şimal-Cənub dəhlizində tikinti işləri tam başa çatmamışdı. Dəhlizin əsas halqası olan Astara-Rəşt dəmir yolunun tikintisi son illərin əsas müzakirə mövzusu idi.
Bu dəmir yolunun tikintisini və maliyyələşməsini Rusiya dövləti öz üzərinə götürmüşdü. Bununla bağlı Rusiya və İran 2023-cü ildə "Şimal-Cənub" layihəsi çərçivəsində Fars körfəzi limanlarına birbaşa keçidi təmin edəcək İran və Azərbaycan arasındakı 160 kilometrlik Rəşt-Astara yolu sahəsinin birgə tikintisinə dair saziş bağlayıblar.
Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Moskva və Tehran layihələndirməni, tikintini, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəkdilər.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov bu ilin əvvəllərində bildirmişdi ki, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin–Rəşt hissəsi istismara verilib:
“Rəşt-Astara hissəsinin tikintisi isə Rusiyanın maliyyəsi ilə davam etdiriləcək.Bu yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentidir. Bu dəmir yolu Körfəz ölkələri ilə Rusiyanı nəqliyyat və tranzit baxımından birləşdirir, Rusiyanın Körfəzə və Yaxın Şərq ölkələrinə çıxışını təmin edir. Rusiyadan Körfəz ölkələrinə və əks istiqamətə yüklər Azərbaycan üzərindən tranzit olaraq daşınacaq”.
Həqiqətən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və onun əsas seqmenti olan dəmir yolları Avrasiya regionun dövlətləri üçün əhəmiyyətlidir. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttindən region ölkələri də istifadə edərək ticarət əlaqələrini genişləndirə bilərlər.
Lakin 28 fevraldan sonra vəziyyət xeyli dəyişib.
Həm Astara-Rəşt dəmir yolunun tikintisində fasilə yaranıb, həm də Şimal-Cənub dəhlizi üzrə daşımaların həcmi azalıb.
Nəzərə alaq ki, Fars körfəzində gərginlik pik həddə çatıb. Bu gərginlik də təbii ki, Bəndər-Abbas limanının fəaliyyətini iflic edib.
Azərbaycan üçün yaranan vəziyyət həm risk, həm də yeni imkanlar yaradır. Risk ondadır ki, İran üzərindən keçən yüklərin azalması ölkənin tranzit gəlirlərinə mənfi təsir göstərə bilər. Lakin digər tərəfdən, Azərbaycan sabitliyini qoruduqca beynəlxalq yükdaşımalarda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirə bilər. Bu isə Orta Dəhliz və digər alternativ marşrutların əhəmiyyətini artırır.
Əslində, İran ətrafında baş verənlər bir həqiqəti göstərir: XXI əsrdə geosiyasi rəqabət təkcə sərhədlər uğrunda deyil, dəhlizlər uğrunda mübarizədir. Kim etibarlı nəqliyyat marşrutuna sahibdirsə, o, iqtisadi və siyasi üstünlük də qazanır.
Mənbə: bizim.media