Aldığınız evin sahəsi niyə sənəddə az göstərilir? - Ali Məhkəmə fərqi izah etdi

Aldığınız evin sahəsi niyə sənəddə az göstərilir? - Ali Məhkəmə fərqi izah etdi

Ali Məhkəmə çoxmənzilli binalarda mənzil alan şəxslərlə tikinti şirkətləri arasında mənzilin sahəsi ilə bağlı yaranan mübahisələrin həlli qaydalarına dair hüquqi mövqeyini açıqlayıb.

Məhkəmə belə mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin araşdırılmasının vacibliyini vurğulayıb. Əgər müqavilədə mənzilin sahəsinin hansı qayda ilə hesablanacağı ayrıca razılaşdırılıbsa, mübahisə həmin şərtlərə uyğun həll edilməlidir.

Qeyd olunub ki, müqavilədə sahənin hesablanma qaydası müəyyən edilməyibsə, mənzilin faktiki işçi sahəsinin müqavilədə göstərilən sahəyə uyğun olub-olmaması yoxlanılmalıdır. Bunun üçün yerində ölçmə aparılır. Faktiki işçi sahə müqavilədə nəzərdə tutulan sahəyə uyğundursa, şirkət öhdəliyini yerinə yetirmiş hesab edilir. Əks halda isə bu, müqavilə öhdəliyinin qüsurlu icrası kimi qiymətləndirilir.

Ali Məhkəmə reyestr çıxarışında göstərilən sahənin əksər hallarda müqavilədəki sahədən az olmasının səbəbinə də aydınlıq gətirib. Bildirilib ki, dövlət reyestrində mənzilin ümumi sahəsi şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq balkon və terrasların sahəsinə azaltma əmsalı tətbiq edilməklə hesablanır. Bu metodologiya yalnız daşınmaz əmlakın vahid qaydada uçotunu təmin etmək məqsədi daşıyır və müqavilədə ayrıca razılaşdırılmadıqca mülki-hüquqi münasibətlərə avtomatik tətbiq edilə bilməz.

Məhkəmənin mövqeyinə əsasən, yalnız çıxarışda göstərilən sahənin müqavilədəki sahədən az olması tikinti şirkətinin müqavilə öhdəliyini pozduğu anlamına gəlmir. Belə hallarda fərq dövlət reyestrində ümumi sahənin normativ qaydada hesablanması metodologiyasından irəli gəlir.

Bundan başqa, qeyd edilib ki, mənzil alıcı tərəfindən qəbul edildikdən sonra aparılan yenidənqurma və ya planlaşdırma işləri nəticəsində sahədə baş verən dəyişikliklər şirkətin məsuliyyətinə aid edilə bilməz. Öhdəliyin icrası mənzilin təhvil verildiyi vəziyyət və ilkin layihə sənədləri əsasında qiymətləndirilməlidir.

Ali Məhkəmə bildirib ki, mənzildə sahə çatışmazlığı müəyyən edilərsə, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edərkən mübahisəyə baxıldığı vaxt qüvvədə olan bazar qiymətlərinə istinad edə bilər.

Məhkəmə həmçinin vurğulayıb ki, bu kateqoriyadan olan mübahisələr üzrə 5 illik iddia müddəti tətbiq edilir və həmin müddət mənzilin fiziki olaraq təhvil verildiyi gündən hesablanır. İddia müddəti başa çatdıqdan sonra cavabdeh şirkət bu barədə ərizə verərsə, hətta mənzildə faktiki sahə çatışmazlığı müəyyən olunsa belə, iddia təmin edilməyəcək.


Mənbə: unikal.az