Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus milyonlarla dram dəyərində əmlak və pul vəsaitlərinin müsadirəsinə qərar verilib.
Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
İyulun 3-də məhkəmə prokurorluğun qaldırdığı iddianı qismən təmin edib. Qərara əsasən, İrəvandakı Teryan küçəsində yerləşən mənzilin 38 faizi, avtomobil dayanacağı və həmin ünvandakı digər dayanacağın 38 faizlik payı dövlətə keçiriləcək.
Bundan başqa, Sarkisyana məxsus 203 milyon dram məbləğində bank əmanətləri, həmin əmanətlər üzrə 74,7 milyon dram faiz gəliri, eləcə də 352,4 milyon dram pul vəsaiti də müsadirə olunacaq.
Beləliklə, müsadirə ediləcək pul vəsaitlərinin ümumi dəyəri daşınmaz əmlak nəzərə alınmadan təxminən 630 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) təşkil edir.
Qeyd edək ki, bundan əvvəl də Ermənistanın Antikorrupsiya Məhkəməsi sabiq prezidentin qardaşı qızı Ani Sarkisyanndan dəyəri 1,8 milyon dollardan çox olan kiçik su elektrik stansiyasının səhmlərinin və təxminən 900 min dollar məbləğində pul vəsaitinin müsadirə edilməsinə qərar vermişdi.
Akqabay
Mənbə: publika.az