Azərbaycanda repetitor xidmətlərinin qiyməti ailələrin əsas xərc istiqamətlərindən birinə çevrilib. Bir fənn üzrə aylıq hazırlıq Bakının mərkəzində 150-200 manata başa gəldiyi halda, regionlarda bu rəqəm 30-50 manat arasında dəyişir. Bəzi repetitorların aylıq xidmət haqqı isə 300-500 manata, hətta daha yüksək məbləğlərə çatır.Müasir təhsil sistemində məktəb təhsilini tamamlayan vasitələrdən biri hesab olunan repetitorluq artıq bir çox ailə üçün zərurətə çevrilib. Ali məktəblərə qəbul olmaq istəyən şagirdlərin əlavə hazırlığa üz tutması ailə büdcəsinə ciddi təsir göstərir. Paytaxtla regionlar arasında qiymət fərqləri, hazırlıq xidmətlərinin bahalaşması və bu sahədə vahid nəzarət mexanizminin olmaması isə bir sıra suallar doğurur.
Bəs repetitor xidmətlərinin qiymətləri nə dərəcədə əsaslıdır? Bu sahədə qiymətlərin tənzimlənməsi mümkündürmü?
Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda “kölgə təhsili” hökmranlıq edir və bu anlayışın əsas istiqamətlərindən biri repetitorluqdur. Ekspertin sözlərinə görə, repetitor xidmətlərinin qiymətləri kifayət qədər yüksəkdir və bəzi hallarda mövcud sosial-iqtisadi vəziyyətlə uzlaşmır. “Hazırda ölkəmizdə, təəssüf olsun ki, kölgə təhsili hökmranlıq edir. Kölgə təhsili dediyimiz məhz repetitor istiqamətidir. Burada qiymətlər dəhşət dərəcədə yüksəkdir. Bakı mərkəzində 150-200 manat deyirsiniz, hətta 300-500 manata hazırlıq keçən repetitorlar da var. Regionlarda və onlayn dərslərdə isə qiymətlər 30-40 manatdan başlayır, 500 manata və daha yuxarı məbləğlərə çatır”, – deyə ekspert vurğulayıb.
Elçin Əfəndi hesab edir ki, hazırlıq kurslarında və fərdi müəllimlərin xidmətlərində müəyyən edilən qiymətlər heç də həmişə adekvat deyil. Onun fikrincə, bəzi hallarda xidmət haqları real vəziyyət nəzərə alınmadan müəyyənləşdirilir. “Belə bir vəziyyətin olması acınacaqlı haldır. Həm hazırlıq kurslarında, həm də fərdi repetitor xidmətlərində elə qiymətlərlə qarşılaşırıq ki, onlar istənilən halda mövcud vəziyyətlə ayaqlaşmır. Daha utopik qiymətlər təyin olunur. Məsələn, hazırlıq kurslarında beş-altı fənn birlikdə 150-200 manata tədris edilir. Bəzi kurslarda qiymətlər daha yüksəkdir. Bu da repetitor müəllimlərin öz tələbləri əsasında formalaşır. Amma ümumilikdə mövcud vəziyyət xoşagələn deyil”, – deyə o bildirib.
Ekspert çıxış yolunu qəbul imtahanlarının modelinin dəyişdirilməsində görür. Elçin Əfəndinin fikrincə, repetitor xidmətlərinə tələbatı azaltmaq üçün ilk növbədə ali məktəblərə qəbul imtahanlarının formatına yenidən baxılmalı, imtahanlarda tələb olunan fənlərin sayı minimuma endirilməlidir. “Düşünürəm ki, bu istiqamətdə müvafiq islahatlar edilməlidir. Birinci növbədə qəbul imtahanı formatı, modeli dəyişməlidir. Fənlərin sayı minimallaşdırılmalıdır ki, repetitorluğa ehtiyac azalsın. Bundan əlavə, qəbul imtahanlarının materialları yalnız 10-11-ci sinifləri əhatə etməlidir. Ondan aşağı siniflərin materialları qəbul imtahanına daxil edilməməlidir. Çünki şagird 10-11-ci siniflərdə oxuyarkən hazırlığa qoşulursa, məcbur olub 5-6-cı siniflərin materiallarını da öyrənməli, təkrar etməli olur. Bu zaman repetitor xidmətinə ehtiyac yaranır. Ona görə də qəbul imtahanlarının modeli mütləq dəyişməlidir”, – deyə ekspert qeyd edib.

Repetitor xidmətlərinin qiymətlərinə nəzarət məsələsinə də toxunan ekspert hazırkı vəziyyətdə bu sahədə tənzimləmənin çətin olduğunu bildirib. Onun sözlərinə görə, repetitorlar qiymətləri sərbəst müəyyənləşdirir, bəzi hallarda isə bir auditoriyada 30-35 şagirdə dərs keçirilir. “Repetitor qiymətlərinin adekvatlığına gəlincə, təəssüf ki, qiymətlər adekvat deyil. İstədikləri kimi qiymət təyin edirlər, istədikləri kimi 30-35 şagirdi bir auditoriyaya doldurub dərs keçirlər. Əlbəttə ki, bu qiymətlərə nəzarət hazırda mümkün deyil. Bu, o halda mümkün ola bilər ki, həmin şəxslər müvafiq qaydada vergi ödəyicisi olsunlar və dövlət tərəfindən uyğun nəzarət mexanizmi tətbiq edilsin. O zaman bu prosesi diqqətdə saxlamaq olar”, – deyə Elçin Əfəndi bildirib.
Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə əsas məqsəd tədris prosesinin təhsil müəssisələrində təşkilinə nail olmaq olmalıdır. Onun fikrincə, şagirdlər məktəbdə əldə etdikləri biliklər əsasında ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul oluna bilməlidirlər. “Yaxşı olar ki, ümumiyyətlə, təhsil prosesini konkret təhsil müəssisələrinə daşıyaq. Tədris prosesi təhsil müəssisələrində həyata keçirilsin və orada öyrənilən biliklər əsasında ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə və digər təhsil müəssisələrinə qəbul həyata keçirilsin”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Şahanə Rəhimli
Mənbə: musavat.com